"Adamları təhrikedici təbliğatlara çəkmək lazım deyil"

Bugünlərdə radioda bir hüquq şirkətinin belə bir reklamı yayımlanırdı: "Artıq boşanmaq çox asandır. Bizim şirkətə müraciət etməklə işinizi asanlaşdıra bilərsiniz".

Təəssüf ki, televiziya və radiolarımızda bu tip reklamlara tez-tez rast gəlinir. Mövzu ilə bağlı "Yeniavaz.com"un sualını Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov cavablandırıb.

"Biz radiolara tövsiyyə etmişik ki, ümümiyyətlə reklamlarda milli-mənəvi dəyərlərimizə diqqət etsinlər. Ailə dəyərlərinin möhkəmliyinə təsir göstərə biləcək hallara yol verməsinlər",- deyə o qeyd edib.

Teletənqidçi professor Qulu Məhərrəmlinin münasibəti isə belə oldu: "Azərbaycanda reklam haqqında qanun var. Yəni, nələr necə reklam olunmalıdır və nə reklam olunmalıdır. Bir hüquq şirkəti cəmiyyətə müraciət edir ki, boşanmanı asanlaşdırırıq və s. Bu formalı reklamlar insanların beynində ilişib qalır. Hesab edirəm ki, bu cür açıq reklamların verilməsi doğru deyil. Ona görə doğru deyil ki, biz cəmiyyət qururuq, ailənin qorunması haqqında danışırıqsa, belə şeylər haqqında fikirləşmək, yaymaq doğru deyil. Tutaq ki, "ailə məsələləri, əmək məsələləri ilə bağlı hüquqi məsləhətlər veririk" kimi reklamlar normaldır. Ancaq adamları belə təhrikedici təbliğatlarla çəkmək lazım deyil. Hər bir halda açıq çağrışlar etikaya uyğun deyil".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top