Aprel döyüşlərində 17 erməni hərbçisi öldürən şəhidimiz - Adil Adilzadə

Mingəçevirdə aprel şəhidlərinin ildönümü qeyd edilir. "Yeniavaz.com" xəbər verir ki, bü münasibətlə aprel şəhidlərindən biri - Adil Adilzadənin il mərasimi Şəhidlər Xiyabanında qeyd edilib. Əvvəlcə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkili, ictimayyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər ötən ilin aprel ayında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı yüksək dəyərləndiriblər. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsində il mərasimində iştirak ediblər.

Mərasimdə biz də iştirak etdik, şəhidin anası Gülnarə Abdullayeva ilə görüşdük. O, "Yeniavaz.com" saytına oğlu ilə bağlı xatirələrini bölüşdü: "Oğlumun ən böyük arzusu şəhid olmaq idi. O, hərbi xidmətini başa vurduqdan sonra dedi ki, ana, mən hərbidə işləmək istəyirəm. Onu da deyim ki, Adil həm evdə, həm də cəmiyyət arasında sevilən bir uşaq olub. Böyük, kiçiyin hörmətini həmişə saxlayıb. Həmişə deyirdi ki, mən də Mübariz kimi mübariz olmaq istəyirəm. Ailəmizin yeganə oğul övladı idi. Ümidimizi ona bağlamışdıq. O, hərbidə olanda tez-tez yuxuma girirdi. Elə şəhid olan günündən bir gün əvvəl yuxuda gördum ki, rəhmətə gedən ata nənəsi və əmisi qırmızı paltar geyinib oynayırlar. Mən də komandirin dizinin altında oturmuşam, deyirəm ki, ay komandir, nə olar mənim balamı qoyma ölməyə. Sonda özünü gördüm, sinəsi açıq qapımızdan girib təəccüblə məni axtardı. Mən də özümü onun üstünə atdım. İnandırım sizi, yuxuda balamın iyi burnuma gəldi. Səhər ayılanda heç kimə bu yuxu haqqında bir söz demədim. Onun əkdiyi ağacları suladım, mənə demişdi ki, güllərimə yaxşı qulluq edərsiniz. Sən demə, həmin gün mənim balam şəhid olubmuş. Aprelin 9-u atasının ad günü idi, atası mənə dedi ki, Adil mənə sürpiriz edəcək, bu gün gəlməlidir. Amma həmin gün sən demə, oğlum erməni xainlərinin gülləsinə tuş gəlib. Özü də həmin döyüşlərdə 17 erməni hərbiçisi öldürüb. Onu da deyim ki, qarşı-qarşıya döyüşlərdə onunla bacarmayan ermənilər oğlumu snayperdən açılan atəşlə vurublar. Nə bilim, ay qızım, hansını deyim? Oğlumun istədiyi qız var idi. Onun da qisməti belə gətirdi. Oğlum Mingəçevirdəki 20 saylı məktəbin məzunu olub. Bir şəhid anası kimi istəyərdim ki, həmin məktəbə mənim oğlumun adı verilsin. Adının əbədiləşdirilməsini istəyirəm. Bəlkə bununla bir təsəlli tapam. Elə bir gün olmasın ki, oğlum yadımdan çıxsın. Bir onu bilirəm ki, balam arzusuna çatdı, şəhid oldu".

Qeyd edək ki, kiçik çavuş Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevirdə anadan olub. O, Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ötən ilin aprelin 11-də Adil Adilzadə yaşadığı Mingəçevir şəhərində son mənzilə yola salınıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top