Zidan: "Mən Ançelottini tanıyıram, o da məni"

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha 3 görüş baş tutacaq. Belə ki, “Alyans Arena”da erkən final adlandırılan “Bavariya” – “Real” matçı keçiriləcək. Görüşdən öncə hər iki komandanın baş məşqçisi və futbolçuları fikirlərini bildiriblər.

Karlo Ançelotti (“Bavariya”nın baş məşqçisi): “Çətin görüşdü. “Real”la oyun mənim üçün xüsusi matçdı. Klubun üzvləri indi də münasibətim var. Hər iki komanda özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Futbolçularıma inanıram, özümüzə əminik.

Elə futbolçular var ki, onlar sistemdən də vacibdi. Mən “Real”ın çox oyununa baxmışam. Bu komandanın hücum triosuna yaxşı bələdəm. Onlarsız rəqib o qədər də təhlükəli olmazdı. Yəqin ki, Zinəddin Zidan da fikrimlə razılaşar. Bu mənada, Ronaldonu ehtiyatda, Benzemanı tribunada, Beyli isə televizorun qarşısında görməyi üstün tutardım. Bu futbolçuların bizə qarşı oynamağını istəməzdim. Zidanı çox istəyirəm. Onun ötən mövsüm Çempionlar Liqasını qazanması və komandasının bu il yaxşı mövsüm keçirməsi məni sevindirir. Zidanla işlədikdən sonra futbola baxışım bir qədər dəyişdi”.

Filipp Lam (“Bavariya”nın kapitanı): “Real”a qarşı ən yaxşı oyunumuzu, nəyə qadir olduğumuzu göstərməliyik. Axı qarşımıza hər mövqedə dünya səviyyəli futbolçusu olan top-klub çıxacaq. Karyeram ərzində bir neçə dəfə “Real”a qarşı oynamışam. Bu mənada, təcrübəm çoxdu. Rəqibin əsl gücünü bilirəm”.

Aryen Robben (“Bavariya”nın hollandiyalı futbolçusu): “Keçmiş heç bir önəm kəsb etmir. Biz hazırkı oyuna köklənmişik. Meydanda ən xırda detallara belə, fikir verməliyik. Çünki matçın taleyini bu, həll edəcək. “Real”a Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyəti yada salmırıq”.

Arturo Vidal (“Bavariya”nın yarımmüdafiəçisi): “İlk oyun evdə keçiriləcək. Bu isə o deməkdi ki, Madridə qələbə ilə yollanmaq lazımdı. “Real” Çempionlar Liqasının son qalibidi. Buna baxmayaraq, bizdən asılı olan hər şeyi edəcəyik. Meydana qələbə üçün çıxacağıq”.

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Bavariya” ilə oyunlar finala bərabər olacaq. Buna baxmayaraq, pozitivəm, heç nədən qorxmuram. Belə matçlardan həzz almaq lazımdı. Odur ki, çox rahatam. Bura qədər işimizi yüksək səviyyədə görmüşük. “Bavariya” ilə qarşılaşmada da öz oyunumuzu göstərməliyik. Bunu bacarsaq, qələbə qazana bilərik. Biz qarşımıza bütün matçlarda maksimum dərəcədə yaxşı oynamağı məqsəd qoyuruq. Mən Ançelottini tanıyıram, o da məni. Amma bu, önəm kəsb etmir. Çünki meydanda mənimlə Karlo yox, iki böyük komanda qarşılaşacaq. Ançelottinin köməkçisi işləyəndə ondan çox şey öyrəndim. Amma bunları açıqlamaq fikrində deyiləm. Levandovski oynamasa, bu, “Real” üçün üstünlük sayılacaqmı? Biz oyuna Levandovskinin matçda iştirak edəcəyini düşünərək, hazırlaşmışıq. İstənilən halda, “Bavariya” çox güclü komandadı, hər mövqedə yaxşı oyunçuları var. Rəqibə hörmətlə yanaşırıq. Amma məni yalnız öz komandamın meydanda nə edəcəyi maraqlandırır. Frank Riberini ilk dəfə Fransa millisində görəndə o, çox gənc idi. Buna baxmayaraq, həmin vaxtdan döyüşkən xarakteri ilə fərqlənirdi, həmişə zarafat etməyə çalışırdı. İkinci məşqdə Riberi başıma nəsə atdı, gülməli alındı. Almaniyada Frankın işləri əla gedir. O, öz komandası üçün vacib oyunçudu”.

Qaret Beyl (“Real”ın uelsli futbolçusu): “Yaxşı formadayıq. Amma pik formada olduğumuzu düşünmürəm. Adətən, komandamız mərhələdən-mərhələyə “artırır”. Ümid edirəm ki, bu dəfə də elə olacaq. Rəqib də güclü komandadı. Bizi “Bavariya” ilə iki ağır oyun gözləyir. Həm səfərdəki, həm də evdəki qarşılaşma çətin keçəcək. Ən yaxşı oyunumuzu göstərməliyik”.

Toni Kroos (“Real”ın almaniyalı yarımmüdafiəçisi): “Bavariya”nı tərk edəndən sonra çox şey dəyişib. Xarici kluba keçmək böyük addım idi. Söhbət “Real”dan gedirsə, deməli, vaxtında doğru qərar vermişəm. “Real”a keçəndən sonra futbolçu kimi “artırdım”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 18-də keçiriləcək. Apasport

DİGƏR XƏBƏRLƏR

Top