AMEA-nın Tarix İnstitutunda orta məktəb şagirdləri ilə görüş keçirilib

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə keçirdiyi və tarixmizin öyrənilməsinə, gənc, yetişməkdə olan nəsildə milli vətənpərvərlik ruhunun təribiyə edilməsinə yönələn görüşləri ənənəvi hal alıb. Belə görüşlərdən biri də bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Görüşdə çıxış edən tarixçi alim Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin və onun yolunu davam etdirən prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə, yetişməkdə olan gənc nəslin tariximizi dərindən bilməsinə xüsusi önəm verdiyini qeyd edib. Azərbaycanın qədim dövlətçilik tarixinə malik olduğunu vurğulayan Yaqub Mahmudov ölkəmizin tarixi şəxsiyyətlərindən, dövlət xadimlərindən geniş bəhs edib. O deyib ki, Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir və regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycanın tarixdə Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli imperiyaları yaratdığını xatırladan tarixçi alim xalqımızın digər xaqları idarə etdiyini və şagirdlərin bunu bilməsinin vacibliyini xüsusi qeyd edib. Yaqub Mahmudov şagirdləri tariximizi öyrənməyə, milli dəyərlərimizə sahib çıxmağa çağırıb: "Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir".

O qeyd edib ki, bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən AMEA-nın Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsini həyata keçirir.

Tədbirin sonunda Tarixi institutu tərəfindən şagirdlərə son dövrldə nəşr edilən tarix kitabları bağışlanıb.

Tədbirlə bağlı "Yeniavaz.com"a açıqlama verən Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov belə görüşlərin məktəblilər arasında tariximizin öyrənilməsində, onlarda keçmişimizə maraq oyadılmasında böyük önəm daşıdığını söylədi: " Hörmətli tarixçi alim Yaqub Mahmudov ölkə rəhbərliyinin tapşırıqları və tövsiyələri əsasında məktəblilər arasında tariximizin, keçmişimizin, dövlətçiliyimizin təbliğinə, onlara milli vətənəpərvərlik ruhunun aşılanmasına xüsusi əhəmiyyət verir. Bu çərçivədə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə "Heydər Əliyev", "Şah İsmayıl Səfəvi", "Şah Təhmasib Səfəvi", "Şah Abbas Səfəvi", "Nadir şah Əfşar", "Ağa Məhəmməd şah Qacar", "Vətən qeyrətli qadın hökmdarımız - Tomiris", "Hacı Çələbi xan" mövzularında elmi-praktik konfranslar keçirilib."

Nazim Xəlilov belə görüşlərin gələcəkdə də keçiriləcəyini qeyd etdi.

ƏzizMustafa

DİGƏR XƏBƏRLƏR

Top