"Azərbaycanda ətirlərə naməlum maye qatılır" - Dəri xəstəliyi təhlükəsi

Azərbaycanda ticarət şəbəkələrində ucuz ətirlər satılır. Qiyməti 2-3 manat olan bu ətirləri alanlar az deyil. Tünd qoxusu olan bu ətirlərin çoxunun üzərində istehsal tarixi göstərilmir. İddialar var ki, bu ətirlər ölkəmizə Çindən, Hindistandan gətirilir. Keyfiyyətinə heç bir zəmanət verilməyən bu ətirlərin dəri xəstəliyinə səbəb olma ehtimalı da az deyil.

"Ən çirklənmiş bazarlardan biri də parfümeriya bazarıdır"

Azad İstehlakçılar Birlinin sədri Eyyub Hüseynov "Yeniavaz.com" saytına açıqlamasında dedi ki, bu cür ətirlər Azərbaycana Çindən, Tayvandan, Pakistandan, Hindistandan gətirilir.

Onun sözlərinə görə, Azərbaycanın parfümeriya bazarını çirklənmiş hesab etmək olar: "Azərbaycan bazarının ən çirklənmiş seqmentlərindən biri məhz parfümeriya bazarıdır. Necə gəldi, hardan gəldi ətirlər və s. gətirirlər. Hətta ölkədə hazır ətir satışı da var. Gedib deyirsən ki, mənə filan ətiri hazırla ver, hazır eləyib verirlər. Bu qaynaqlanır istehlakçı hüquqlarının qorunması siyasətinin ölkədə zəif olmasından, mövcud qanunları yerinə yetirən dövlət orqanlarının seyrçi və zəif mövqeyindən. Bu təşkilat olaraq bizim də zəif işləməyimizdən xəbər verir".

"Dəri xərçəngi, dəri xəstəlikləri əmələ gətirə bilər"

Eyyub Hüseynovun dediyinə görə, istehsal tarixi və yararlılıq müddətinin göstərilməsi tələbi təkcə ərzaq məhsullarına aid deyil: "Əhali bilməlidir ki, parfümeriya mallarının da ərzaq malları kimi üzərində istehsal tarixi və son yararlılıq müddəti göstərilməlidir. Lakin biz parfümeriya bazarının analizini aparsaq görərik ki, 95 faiz parfümeriya mallarının üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Ətirlər dəri ilə təmasda olan mallardır, dəri xərçəngi, dəri xəstəlikləri əmələ gətirə bilər. Ona görə də müəyyən yararlılıq müddətinə malik olmalıdır".

"Naməlum mayelərdir"

Azad İstehlakçılar Birlinin sədri qeyd etdi ki, ölkəyə normal brend gətiriləndən təxminən bir həftə sonra Çindən onun qabının oxşarı gətirilir və naməlum mayelər həmin brend adı altında satılır: "Ətirlərin qiymətindəki fərqlər də bunu büruzə verir. Azərbaycanda ən brend mağazadan ən saxta malı almaq olar. Dükanlar var ki, açıq ətir satışı ilə məşğuldurlar. Orada istənilən iydə ətiri qarışdırıb verirlər. Naməlum mayelərdir. Azad bazar iqtisadiyyatıdır, liberal bazardır - belə çıxır ki, kim nə istəsə gətirib sata bilər".

"Biz demirik ki, bahalı mal yaxşı maldır"

Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə normal ekspertiza yoxdur: "Belə bir vəziyyətdə əlbəttə, istehlakçı aldanır və əmtəə bazarı sürətlə çirklənir. Biz demirik ki, bahalı mal yaxşı maldır. Çünki bahalı malın özü də saxta ola bilər. İstehlakçılar ətir alan zaman qiymət monitorinqi aparsınlar. Eyni malın qiyməti fərqli yerlərdə bir-birindən ciddi fərqlənirsə, deməli, məhsulun keyfiyyətində də fərq var. Azərbaycanda geniş yayılıb - adi elektrik məhsulu alanda da satıcı deyir ki, saxtasın verim, yoxsa orijinalını? Saxta filan qiymətə, orijinalı filan qiymətə. Yəni artıq saxta malın satışı o qədər geniş yayılıb ki, satıcılar özləri də etiraf edirlər. Saxta ətirlər bir daha qeyd edirəm ki, Azərbaycana əsasən Pakistandan, Hindistandan, Tayvandan, Çindən gətirilir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top