“Bakıda 300-dən artıq çoxmərtəbəli bina tikilir” - Prezident

“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: “Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

“Bu il inşaat sektorunda canlanma müşahidə edilir”.

Dövlət başçısı deyib ki, ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: “Bakıda yeni 300-dən artıq çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı da layihə icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək”.

“Sənaye və kənd təsərrüfatı prioritet sahələrdir”.

Dövlət başçısı deyib ki, rayonlarda sənaye zonaları yaradılıb: “Bu il kənd təsərrüfatının inkişafı üçün 150 min hektar yeni torpağın suvarılması nəzərdə tutulub. Yeni zavodlar istifadəyə veriləcək. Görüləcək işlər bu sahədə artıma səbəb olacaq”.

Qeyri-neft sektorunun ixrac etdiyi məhsullara toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycan brendi dünyada təbliğ edilir: “Müxtəlif ölkələrdə “Ticarət evləri” yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması vacibdir”.

Dövlət başçısı qeyd edib ki, il ərzində infrastruktur layihələrin icrasına diqqət yetiriləcək: “Bunlar elektrik enerjisi ilə təminat, qazlaşma, içməli su və yolların inşası ilə bağlı layihələrdir. Sovetski adlanan ərazi abadlaşacaq, yeni gözəl istirahət məkanı yaradılacaq. Sosial-infrastruktur layihələr icra olunur. 3 modul tipli məktəb tikilir, əlavə 12 belə məktəbin inşası nəzərdə tutulur. Bu ilin ilk rübündə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya kompleksləri də istifadəyə veriləcək. Bölgələrdə məşğulluğun artırılması da daim diqqət mərkəzində saxlanılması vacibdir. Sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi davam edəcək. Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bu il Quba və Mingəçevirdə “Asan xidmət” mərkəzi açılacaq: “Şəki və İmişlidə də belə mərkəzlərin tikintisi aparılır. Bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılması vacibdir”.

DİGƏR XƏBƏRLƏR

Top