SOCAR-ın işçisinin üstünə budka aşıb - Küləkli havada işləməyə məcbur edilirmiş - İTTİHAM

"Aldığımız məlumata görə, martın 31-də (küləkli gündə) SOCAR strukturuna daxil olan "Neftqaztikinti" trestinin 2 saylı bölümündə elektrik işləyən Azadxan adli işçinin etirazına baxmayaraq, onu küləkli havada işləməyə məcbur ediblər". "Yeniavaz.com" xəbər verir ki, bu iddianı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı irəli sürüb.

M. Qəhrəmanlının iddiasına görə, məhz həmin gün güclü külək budkanı onun üstünə aşırıb: "Həmin vaxt onunla bərabər sahədə bir işçi də olub, işçinin biri qaça bilsə də, Azadxan özünü xilas edə biməyib. Budkanın altında qalıb, ağır zədələnib. Aldığım məlumata görə o, "Semaşko"nun (1 saylı Şəhər Kliniki Xəstəxanası) reanimasiya şöbəsindədir. Bildiyim qədər hadisə gizli saxlanılır".

M. Qəhrəmanlı deyib ki, dəfələrlə bədbəxt hadisənin gizlədilməsi nəticəsində nə qədər insan işdə zədələnir və sonradan bunu sübut edə bilmir, şikəst olan insan sonradan işsiz qalır".

Təşkilat sədri başqa bir problemin də həll edilməməsindən narahatlığını ifadə edib: "Azneft İstehsalat Birliyinin strukturuna daxil olan Neft Daşları NQÇİ-nin 1-ci mədənində 85 deyilən ərazinin yaxınlığından keçən estakadanın üzərindəki yol bu gün də qəzalı olaraq qalır, bir tərəfi əyilmiş vəziyyətdədir. İşçiləri isə maşınlara dolduraraq, həmən ərazidən işə aparıb gətirirlər.

İşçilər deyirlər ki, onsuz da arxayındırlar ki, hər hansı bir ölüm hadisəsi olsa belə, bunlara heç kəs gözün üstə qaşın var deməyəcək".

DİGƏR XƏBƏRLƏR

Top