Dünya milyarderlərinin heyrət doğuran xəsislikləri

Bizə elə gəlir ki, dünyanın ən varlı adamlarının hamısı bir əli yağda, bir əli balda yaşayır, varlılıqdan yaranan hədsiz kaprizləri, eləcə də lüks həyatın gözəlliklərini doya-doya paylaşırlar. Amma pul bir çox hallarda onlara elə qəribə xəsisliklər qazandırır ki, eşidəndə, oxuyanda buna inanmaq olmur. Musavat.com “Hürriyyet” qəzetinə istinadən dünyanən ən varlı adamlarının qəribə xəsislikləri və qənaətcillikləri ilə bağlı material hazırlayıb.

7 MİLYON DOLLARLIQ EVİ VAR, AMMA GEYİMƏ PUL XƏRCLƏMİR

Öncə Facebook-un yaradıcısından, yəni,Mark Zukerberqdən danışaq. Bu gəncin 50 milyard dollarlıq sərvəti olsa da, son dərəcədə təvazökar bir həyat yaşayır. Geyimə pul xərcləməyə nifrət edir. Rahat tişörrt və şalvarları üstün tutur. 7 milyon dollarlıq bir evdə yaşasa da, ucuz “Volkswagen” markalı maşın sürür. Zukerberq yaşlaşarkən Facebookda sahib olduğu səhmləri bağışlayacağını da açıqlamışdı.

YEMƏYİNİ ŞİRKƏTİN YEMƏKXANASINDA YEYİR, PAKET DUZ VƏ İSTİOTU İSƏ EVƏ APARIR

İKEA şirkətlər şəbəkəsinin sahibi İngvar Kamprad hazırda 91 yaşındadır və 39 milyard dollarlıq sərvətə sahibdir. Buna baxmayaraq, yaşlı milyarder günorta yeməklərini IKEA-nın yeməkxanasında yeyir. Paket duz və istiotu isə evinə aparır. Bir neçə milyon dollarlıq təyyarə və ya gəmi almağa pulu olsa da, isveçli milyarder vaxtı olanda avtobusa minir. Şəxsi maşını isə 1993-cü ildə buraxılmış “Volvo 240”-dır. O, heç vaxt təyyarə səfərlərini biznes klassla etmir, sıradan sərnişinlərlə eyni yerdə oturur və mümkün olarsa endirimli havayolu şirkətləri ilə səyahət etməyi seçir. Kamprad işçilərinə hər zaman işdə istifadə etdikləri kağızların hər iki tərəfində yazmalarını tapşırır. O, kağız israfına qarşı dözümsüzdür. Az vergi ödəmək üçün 40 il boyunca İsveçrədə yaşayan Kamprad 4 il öncə vətəni İsveçə köçüb və evindəki bütün IKEA mebellərini də özü hazırlayıb.

17 MİLYARDI VAR, İŞÇİLƏRİN GÜN BOYU NƏ QƏDƏR TUALET KAĞIZI İSTİFADƏ ETDİYİNİ GÜDÜR

Hindli iş adamı Azim Premji təxminən 17 milyardlıq sərvətin yiyəsidir, Wipronun sahibidir. Premji barədə ən çox yayılan söhbətlərdən biri onun 175 min nəfərin işlədiyi şirkətdəki tualet kağızına hədsiz həssas olmasıdır. Belə ki, gün boyu tualet kağızından çox istifadə edilməməsi barədə dəfələrlə xəbərdarlıq edir və bununla bağlı günün sonunda arayış tələb edir. Bundan başqa, iş günü bitəndə işçilərə “işıqları bağlayın” xəbərdarlığını da edir. İkinci əl maşınlardan istifadən edən Premji aeroporta gedəndə də ictimai nəqliyyatdan istifadə edir.

EVDƏN GƏTİRDİYİ YEMƏKLƏ NAHAR EDİR

15 milyard dolları olan 64 yaşlı Çarli Ergen məşhur Dish Networkun sahibidir. O, bir neçə ulduzlu restoranlarda yemək yeməkdənsə günorta evdən gətirdiyi paket yeməyi yeyir və üstündən də enerji içkisi içir. Ergen də hər zaman ucuz biletlərdən istifadə edir. İşçilərin işə gec gəlməsinə nifrət edən Ergen öncə kartlı turniket sistemini tətbiq edib, amma bu sistemdə də saxtakarlıqlara yol verildiyini görüb, barmaq iziylə işləyən sistem qurub. Amerikalı iş adamı vaxtında işə gələn işçilərini hər il bir dəfə xizək tətilinə göndərərək, mükafatlandırır.

70 MİLYARDI OLAN “QƏNAƏTCİL” BAFFET 31 MİNLİK EVDƏ YAŞAYIR

Uorren Baffet 70 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 5 adamından biridir. Amma buna baxmayaraq, Baffet 1958-ci ildə 31.500 dollara aldığı evdə yaşayır. Çoxbilmiş milyarder cib telefonundan istifadə etmir və ofisində də kompüterə yer yoxdur. Maşınının plakasında "Thrifty", yəni, "Qənaətcil" sözü yazılan Baffetin vaz keçə bilmədiyi tək şey isə çips və fast-fuda olan marağıdır. Baffet gündə 5 qutu kola içir.

Cudi Folknerin təxminən 2.5 milyard dollarlıq sərvəti var. 73 yaşındadır və səhiyyə sektoruna aid bir firması var. Bol puluna baxmayaraq, Folkner həyatı boyunca ancaq iki dəfə maşın dəyişdirib. Sonuncusu 5 il əvvəl alınmış “Audi Vagon”dur. O, 30 ildir əri ilə eyni malikanədə yaşayır. Sərvətinin yarısını xeyriyyə qurumlarına verəcəyini açıqlayıb. Şirkətinin idarəsinin 73 faizi işçilərə və onların ailələrinə aiddir.

Karlos Slimdan da danışaq. O da 32 milyard dollar olan mühacir bir ailənin meksikalı uşağıdır. O da Baffet kimi qənaətcidir. Hətta işçiləri üçün yazdığı, qənaətə dair bir kitabı var. Amma milyarder dostunun əksinə olaraq, o, ev yeməklərindən başqa heç nə yemir. 40 ildir eyni villada yaşayır. Çingiz xanla bağlı kitablardan zövq alır.

71 milyard dollar sərvəti olan Amancio Orteqa İnditex'in sahibidir. İspaniya kimi bir qastronomiya ölkəsində bir çox alternativlər olduğu halda, Orteqa yeməklərini “Zara”nın yeməkxanasında yeməyi üstün tutur.

O, Koruna şəhərində gözlərdən uzaq, hamıdan izolə olunmuş bir həyat yaşayır. İşi olmayanda da 45 milyon dollarlıq jeti ilə gəzintiyə çıxır. Zukerberq kimi geyim məsələsində olduqca qənaətcil olan Amancionin qarderobu sabitdir. Ağ köynək və ya tişört, üstündən də qara pencək.

Sonda… Beləcə, hamımızın “bunlar bu qədər pulu necə yığırlar” sualının cavabını nisbətən də olsa tapdıq. Bəli, onlar pulu qazanır və onu düzgün xərcləməyi bacarırlar. Hər mövsümdə qarderob təzələmək, lüks restoranlarda yemək yemək, hər şeyin bahalısına qaçmaq… onların adəti deyil. Bizə xəsislik kimi görünənlər isə onlar üçün həyat tərzidir.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top