Atletlərimizin Avropa çempionatında oteldən yoxa çıxdıqlarına dair iddia irəli sürülüb

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası Xorvatiyanın Split şəhərində keçirilən Avropa çempionatında sirli şəkildə yoxa çıxıb. "Report"un məlumatına görə, bu barədə yerli "Jutarnji List" nəşri xəbər yayıb. İnformasiyada bildirilir ki, Azərbaycan nümayəndə heyəti Splitdə otel yoxlamasından keçsə də, sonradan onlar nə yarışın keçirildiyi zalda, nə də oteldə görünüblər. Nəşr iddia edir ki, bu, sərt dopinq nəzarəti ilə əlaqədar ola bilər: "Azərbaycan son illər 7 aparıcı ağırlıqqaldıranını itirib. Çünki onların dopinq-testləri müsbət nəticə verib. Məhz ciddi dopinq nəzarəti bütün komandanın "yoxa çıxması"nın səbəbi ola bilər". Yazıda Azərbaycan nümayəndə heyətinin Oktay Muxtarov, Məhəmməd Məmmədli, Oktay Rüstəmov, Kamran İsmayılov, Hüseyn İsmayılov və İlham Məmmədovdan ibarət olduğu vurğulanıb. Martın 27-də Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Avropa çempionatında 4 idmançı - Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılovla (94 kq) təmsil olunacaqlarını bəyan edib. Lakin aprelin 1-də AAAF Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıqlarını əsas gətirərək, çempionatdan imtina etdiyini açıqlayıb.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev açıqlamasında həqiqətən də Xorvatiyaya nümayəndə heyətinin yollandığını açıqlayıb. Lakin o, heyətdə cəmi 2 idmançının - Hüseyn İsmayılovla Məhəmməd Məmmədlinin yer aldığını, İsa Hüseynovla Kamran İsmayılovun Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qayıtdıqlarını bildirib. Nümayəndə heyətindəki digər üzvlər isə komandanın rəisi Oktay Muxtarov, məşqçilər Elnur Hüseynovla Natalya Prişepa, hakim Vahid Nəzərov, masajçı İlham Məmmədov olub. Federasiya rəsmisi Nəzərovun çempionatda hakimlik, Prişepanın isə idmançı kimi Moldova yığmasının heyətində çıxış etdiyi üçün Splitdə qaldıqlarını, qalan heyət üzvlərinin isə Məşqçilər Heyətinin qərarı ilə geri qayıtdıqlarını bildirib. O, hakim və məşqçidən başqa heç kimin oteldə qeydiyyatdan keçmədiyini də əlavə edib. Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top