"Milli Qəhrəman" ailəsinə verilirsə, "Azərbaycan Bayrağı" ordenlilərə niyə müavinət verilmir?

"Artıq neçə gündür ki, ölkəmizdə 2016-cı ilin aprel hadisələrinin iştrakçısı olmuş Silahlı Qüvvələrimizin bütün kateqoriyadan olan şəxslərinin şərəfinə tədbirlər keçirilir. Həm o şərəfli döyüşlər zamanı ermənilərə qarşı şəxsi rəşadət və şücaət göstərmiş Şəhidlərimiz anılır, həm də o döyüşlərin iştrakçısı olmuş əsgər və zabitlərimiz böyük ehtiramla, hörmətlə yad edilir, onların fədakar xidmətləri geniş ictimaiyyətə təqdim edilir. Bu görüşlərdə təmasda olduğum çoxlu sayda Birinci Qarabağ savaşının iştirakçıları olmuş keçmiş hərbçilərimiz də iştirak edərək öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Elə bu qeydlərimin də ərsəyə gəlməsində məhz onların mənə etdikləri çoxsaylı xahiş və müraciətlərin böyük təsiri oldu". "Yeniavaz.com"un məlumatına görə, belə bir müraciətlə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov çıxış edib.

Ü. Cəfərov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin 1993-cü ilin payızında xalqa müraciətindən sonra həm könüllülərdən formalaşdırılan, həm də digər güc strukturlarının nümayəndələri olan minlərlə həmvətənlərimiz Ermənistan və onun birbaşa havadarlarının silahlı birləşmələrinə qarşı mümkün olanı, bacardıqlarını həyata keçiriblər: "Təkcə dekabr ayında Füzuli istiqamətində əks hücumla Füzuli rayonunun Horadiz qəsəbəsi daxil olmaqla 23 yaşayış məntəqəsini düşməndən geri alınması faktı yəqin ki hamının yaxşı yadındadır. Həmin ölüm-dirim savaşında canlarını Vətənə, dövlətinə və xalqına həsr edən oğullarımız erməni silahlılarına çox ağır sarsıdıcı zərbə vurdular. Düşmən və havadarları bir gündə yüzdən çox itki verdilər, onlarla hərbi texnikanı, topu, maşınları, silah və sursatlarını ataraq canlarını qurtarmağa çalışdılar. Eyni aqibəti bədnam qonşularımız 2016-cı ilin aprel hadisələri zamanı da yaşamağa məcbur edildilər. Dövlətimiz bu döyüşlərin iştrakçısı olmuş yüzlərlə qəhrəman hərbçilərimizin xidmətlərini yüksək qiymətləndirərək onlara orden və medallar, bir neçə nəfərə isə ən yüksək ad - "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

1994-cü ilin uğurlu döyüş əməliyyatlarının iştrakçıları olan hərbçi dostlarımızın istəyi və arzusu ondan ibarətdir ki, məhz verilən döyüş tapşırığını yerinə yetirərkən ali mükafatlara layiq görülmüş şəxslərin hər birinin əməyi layiqincə qiymətləndirilsin. Bu gün yalnız "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş şəxslər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarlıq göstərmiş vətəndaşlarımız kimi həm bu yüksək mükafata layiq görülüblər, həm də hər ay onlara müəyyən miqdarda təqaüdlər verilir. Onu da qeyd edim ki, "Azərbaycan Bayrağı" ali mükafatı ilə təltif edilənlərin sayı hal-hazırda 200 nəfərdən bir qədər çox olsa da, ümumilikdə sırf döyüş əməliyyatlarına görə bu ordenlə təltif edilənlərin sayı yüz nəfərdən bir qədər artıq olar. Bu yüksək mükafata layiq görülən hərbçi dostlarımız haqlı olaraq onu da xüsusi olaraq qeyd edirlər ki, bu orden daha çox hərb sahəsi ilə bağlı olduğuna görə, onun fərqləndirilməsi də çox böyük önəm kəsb etməlidir".

Hərbi ekspert bildirib ki, Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı "Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunub: "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Ölkəmizdə Milli Qəhrəmanları olan şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Onlara dövlət tərəfindən müəyyən güzəşt və imtiyazlar da şamil olunur. Dövlət Milli Qəhrəmanlara, o cümlədən də Şəhid ailələrinə müəyyən imtiyazlar ayırıb. Bu imtiyazlardan ən yüksəyi Prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi ayda əvvəl 600, daha sonra 1000, hal-hazırda isə 1300 manat təqaüd alırlar. Bunun özü dövlət tərəfindən Vətənimizin bütövlüyü uğrunda şücaət göstərən insanlara diqqət və qayğının əyani təzahürüdür. Milli Qəhrəman adı daşıyan şəhidlər vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçib. Odur ki, cəmiyyətin özünün də onlara və ailələrinə özəl münasibəti olmalıdır. Dövlət Ali məktəblərində təhsil alan Milli Qəhrəman övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. 211 nəfər şücaəti və qanı bahasına Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını həkk edib. İlk dəfə bu fəxri ada 1992-ci ilin iyunun 6-da 11 nəfər layiq görülüb.

Azərbaycanda 211 Milli Qəhrəmandan yalnız 17-i sağdırlar. Eyni qayda ilə "Azərbaycan Bayrağı" ordeninin daşıyıcılarının da sayı ümumilikdə götürdükdə o qədər də çox deyil. Adından da göründüyü kimi "Azərbaycan Bayrağı" ordeni əsasən ölkənin süverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında, həmçinin döyüş əməliyyatlarında xüsusi xidmətləri olan şəxslərə verilir. Bu yüksək mükafatı alanlar içərisində hətta elələri də vardır ki, onlar iki dəfə bu ordenə layiq görülüblər. Faktiki olaraq, onların göstərmiş olduqları hərəkət, "Azərbaycanın Milli Qəhrəmanı" statusunu daşıyan şəxslərin göstərdikləri mərdlik və igidliyə bərabər bir addımdır. "Milli Qəhrəman" ailəsinə dövlət tərəfindən müavinat verilir. Nədən belə bir diqqət və qayğı, "Azərbaycan Bayrağı" ordeninin daşıyıcılarına da şamil edilməsin? Nəzərə alsaq ki, bu gün Azərbaycanın üçrəngli bayrağı ölkənin demək olar ki, bütün şəhər və rayonlarının, qəsəbə və kəndlərinin hamısında ən uca zirvələrdə dalğalanır.

"Azərbaycan Bayrağı" ordeninin statusu, onun əhəmiyyətini nəzərə alaraq, dövlətin bu ali mükafatın daşıyıcılarına, həmçinin döyüş əməliyyatları ilə bağlı verilən tapşırıqları yerinə yetirirkən həlak olmuş şəxslərin ailələrinə maddi dəstək göstərməsi cəmiyyət tərəfindən çox müsbət qarşılanardı. Heç olmazsa, "Azərbaycanın Milli Qəhrəmanı" statusunda olan şəxslərə dövlət tərəfindən verilən maddi dəstəyin yarısı miqdarında onlara maliyyə dəstəyi həyata keçirilsə, bunun özü də, çox böyük stimul və ədalətli addım kimi qəbul olunar. Həmçinin, hökumət tərəfindən bu ordenin sahiblərinə, yaxud onların ailə üzvlərinə müəyyən imtiyaz və güzəştlərin verilməsi məsələsi də həll edilərsə, bu da cəmiyyət tərəfindən yaxşı qarşılanardı. Yuxarıda qeyd edilənlər mənim şəxsi arzu və istəyim kimi başa düşülməməlidir. Bu təklif və istək hal-hazırda I Qarabağ savaşının iştrakçısı olmuş insanların özlərinin, həlak olan şəxslərin isə doğmalarının, əzizlərinin ölkə rəhbərliyinə, Ali Baş Komandana müraciət kimi qəbul edilməlidir. Öz növbəmdə isə demək istəyirəm ki, bu doğru və düzgün təklifdir və inanmaq istərdim ki, əlaqədar strukturlar bu təklifi layiqincə dəyərləndirəcəklər".

DİGƏR XƏBƏRLƏR

Top