
Aprel ayının 2-də Ermənistanda keçirilən növbəti parlament seçkilərində iqtidaryönümlü Respublika Partiyasının Rusiyanın dəstəyi ilə qalib gəlməsi ölkə daxilindəki siyasi güclər arasında ümidsizliyə səbəb olub. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, seçkilərdə iştirak edən, ancaq məlum səbəblərdən qələbəni bayram edə bilməyən İrs Partiyasının lideri Raffi Ovannisyan və Birlik Partiyasının sədri Vardan Oskanyn siyasi mübarizələrini dayandırdıqlarını bəyan ediblər. Bununla bağlı "Jamanak" qəzetinin yazdığına görə, Ovannisyan və Oskanyan hazırki vəziyyətdə siyasi fəaliyyətlə məşğul olmanın mənasız olduğunu və ona görə də siyasəti tərk etdiklərini bildiriblər. Qeyd edək ki, ABŞ-da anadan olan Ovannisyan 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində işləyib. Suriyanın Hələb şəhərində anadan olan Vardan Oskanyan isə 1998-2008-ci illərdə Ermənistanın Xarici işlər naziri olub. Hər iki keçmiş xarici işlər nazirinin siyasəti tərk etməsi onlar tərəfindən seçkilərin saxtalaşdırırlmasına etiraz kimi dəyərləndirilir. Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Kocaryan da seçkilərdə hər şeyin pul həll edəcəyini bildirərək millət vəkilliyinə namizədliyini geri götürmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz