
Bu gün görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür.
Asəf Zeynallı (1909-1932) 23 il yaşayıb. Lakin bu müddətdə o, musiqimizin tarixində bir sıra yeni janrların yaradıcısı olub. Belə ki, o, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. İlk Azərbaycan romansları da ("Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran") onun adı ilə bağlıdır. Bəstəkar habelə ilk simfonik musiqi nümunələrinin müəllifidir. Onun "Fraqmentlər" simfonik əsəri bu janrda yazılmış ilk orijinal əsərdir. İstedadlı bəstəkar "Sarı gəlin", "Səndən mənə yar olmaz", "O qara qaşlar" və digər xalq mahnıları üzərində işləyib, 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alıb. Bəstəkarın fortepiano ücün "Çahargah", fortepiano və skripka üçün yazılmış "Muğamsayağı" əsərləri ilk dəfə olaraq muğam janrının bədii məzmununun, quruluş xüsusiyyətlərinin bilavasitə bədii yaradıcılıq fantaziyası ilə ümumləşdirilmiş işlənməsidir.
Məşhur bəstəkar Mstislav Rastropoviçin atasından violençel dərsi alan Asəf Zeynallı Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb, burada dahi Üzeyir Hacıbəyovun sinfini bitirib və ilk peşəkar bəstəkar adını alıb. Maraqlıdır ki, Asəf Zeynallı əsərlərinin çox hissəsini elə təhsil illərində yazıb.
Pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyük olub. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycanın bir sıra görkəmli bəstəkarları - Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov ondan dərs alıblar.
Gənc bəstəkar 1932-ci il oktyabrın 27-sində istedadının çiçəkləndiyi bir vaxtda, ömrünün 23-cü baharında ağır xəstəlikdən dünyasını dəyişib. Onun təhsil aldığı Musiqi Texnikumu - Milli Konservatoriyanın nəzdindəki Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz