"Bəs ay valideyn, bu 15 ildə sən harada idin?"

Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq” İctimai Birliyinin (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsinə yekun vuruldu. Bu münasibətlə şəhərin “River side” otelində geniş tədbir keçirilib. Qeyd edək ki, layihə iki ay davam edib. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbilədən olan uşaqların birgə icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, bu qəbilədən olan uşaqların valideynlərinin maarifləndirilməsi və region QHT-lərin fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.

Layihənin eksperti Bakı Dövlət Universitetinin professoru Mais Əliyev “Yeniavaz”a məlumat verərək bildirib ki, Azərbaycanda hazırda əlilliyi olan uşaqların sayı 67 min 193 nəfərdir. Bakının 4 məktəbində inklüziv təhsillə bağlı pilot layihə həyata keçirilir və gələcəkdə bu, bütün Azərbaycanı əhatə edəcək. Azərbaycan dövləti əlillərin hüquqlarına dair Konvensiyanı ratifikasiya etməklə öz üzərinə öhdəliklər götürüb. Həmin öhdəlikdən biri də inklüziv cəmiyyət və əlilliyi olan insanla fasiləsiz təhsilin təmin edilməsini özündə əks etdirir: “Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən artıqdır. Azərbaycanda əlilliyi olan uşaqların sayı artır və bu, hamını narahat edən problemlərdən biridir. Əlil uşaqların sayı daha çox regionların payına düşür. Ona görə də bu layihə çərçivəsində əlil uşaqlarla bağlı tədbirlər keçirilməsi vacib hesab edilir. Mən onu deyərdim ki, ən böyük problemlərdən biri valideynlərin öz əlil uşaqlarını evdə gizlətməsidir. Nəticədə onların cəmiyyətə inteqrasiyası üçün çətinliklər yaranır. Bu gün bizim ən böyük bədbəxtçiliyimiz ondadır ki, 15 yaşlı əlil uşağn valideyini övladını gətirir ki,heç olmasa övladım SMS yazmağı öyrənsin. Bəs ay valideyn, bu 15 ildə sən harada idin? 15 yaşlı uşaq birincilərlə necə dərs keçə bilər? Hazırda Azərbaycanın 11 rayonunda “günərzi qayğı mərkəzləri” fəaliyyət göstərir ki, orada əlilliyi olan uşaqlarla sağlam uşaqların birgə oxuması və inkişafına şərait yaradılır, onlara sosial, psixoloji və reabilitasiya dəstəyi göstərilir. Hesab edirik ki, bu layihə artıq öz nəticələrini göstərəcək və davamlı olmalıdır ki, çünki əlilliyi olan uşaqlar ən əsas da onlar dövlətin üzərində bir yük kimi yox , özləri-özlərini təmin edən şəxslər kateqoriyasına çevrilsinlər və gələcəkdə əmək bazarında özlərinə bir yer tuta bilsinlər. Burada da çalışmışıq ki, ən çox xarici təcrübələrdən yararlanaq”.

Tədbirin sonunda bir çox məsələlər müzakirə olundu. Valideynlər məktəblərdə inkuliziv təhsilin problemlərindən də söhbət açdılar. Daha sonra sağlamlığı məhdud olan uşaqlar öz bacarıqlarını nümayiş etdirərək rəqs ediblər, mahnı oxuyublar, kiçik tamaşalar göstəriblər.

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top