“İraqın Kərkük şəhərində milli bayraqdan başqa ikinci bayrağın asılmasını qəti şəkildə səhv olduğunu düşünürəm”. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldakda mitinqdə çıxış edərkən deyib. Onun sözlərinə görə, İraqda yeni oyunlar oynanılır: “Kərkükə buradan ilk dəfə səslənirəm. Oradakı o bayrağın sahibləri bilsinlər ki, separatçılıqla məşğul olurlar. İraq Kürdüstan Regional Hökuməti bu səhvini tez bir zamanda düzəltsin. İraq mərkəzi hakimiyyəti onun düzgün olmadığını açıqladı. Biz də eyni şəkildə buradan xəbərdarlıq edirik. Çünki Kərkük kürdlərindir cəfəngiyyatına Türkiyə olaraq tabe olmuruq. Kərkük türkün, ərəbin, kürdün hamısınındır. Bizimdir iddiasına düşməyin, yoxsa nəticəsi ağır olar. Türkiyə ilə münasibətinizi korlayarsınız. O bayraqlarınızı dərhal endirin, İraq milli bayrağı ilə yola davam edin. Əks halda geri addım atmaq məcburiyyətində qalarsınız”.
Xatırladaq ki, martın 28-də İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İraq Kürdüstan Regional Hökumtinin bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqləyib.