Fransada erməni yevangel kilsəsinə hücum edilib

Fransanın Alfortvil şəhərində naməlum adamlar erməni yevangel kilsəsinə hücum ediblər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, hücum edənlər kilsəni yandırmaq cəhdinə baş vurublar. Naməlum şəxslər səhər tezdən əvvəlcə kilsə ilə üzbəüz tullantı ilə dolu çəni yandırıblar. Nəticədə yanğın kilsənin giriş qapısına yayılıb. Həmin vaxt kilsənin birinci mərtəbəsində yaşayan keşiş Jilber Levonyan və həyat yoldaşı yanğından xəsarət almadan canlarını sağ qurtara biliblər. Hadisə yerinə çağrılan yanğınsöndürən maşınlar yanğını söndürə biliblər. Bununla belə kilsənin giriş qapısı yanıb. Qeyd edək ki, 8 gün əvvəl naməlum adamlar kilsəni daşa basmışdılar. Ümumiyyətlə isə son bir ildə 3 dəfə naməlum şəxslər kilsəni yandırmağa cəhd ediblər. Hələlik polis erməni yevangel kilsəsinə hücum edənlərin kimliyini müəyyən edə bilməyib. Hücumun motivləri də məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top