Ərdoğandan Putinə “İdlib” ismarıcı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Türkiyə prezidenti ötən gün Sankt-Peterburqda baş vermiş terror aktına görə V. Putinin simasında bütün Rusiya xalqına dərin başsağlığnı bildirib. R. T. Ərdoğan telefon əlaqəsi zamanı, həmçinin bu gün Suriyanın İdlib bölgəsində mülki şəxslərə qarşı kimyəvi silah hücumun edilməsi məsələsinə toxunub. Bu cür qeyri-insanı hücumun qəbuledilməz olduğunu qeyd edən Türkiyə prezidenti bunun Astana danışıqları çərçivəsində göstərilən bütün səylərin boşa getməsi riski daşıdığını qeyd edib. Terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayan iki lider Suriyada həssas atəşkəsin davam etməsi üçün ortaq səylərin göstərilməsinin vacibliyini bildirib.

Xatırladaq ki, bu gün Suriya hökumətinin İdlib bölgəsinə kimyəvi silah hücumu nəticəsində 58 nəfər həlak olub, 215 nəfər isə kimyəvi qazdan təsirlənib. Ölənlər arasında xeyli sayda uşaq var. Suriya ordusundakı mənbə isə bu ittihamları rədd edib. Fransa İdlibdəki kimyəvi silah hücumu ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top