“Odlar Yurdu” Gənclər İctimai Birliyi yeni layihəyə başlayır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi və “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edəcək. Layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına qismən nail olmaqla, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədi ilə onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır. “Odlar Yurdu” Gənclər İB-nin sədri, layihənin müəllifi Nigar Ələsgərova "Yeniavaz.com"a bildirib ki, eyniadlı layihə (“Fərdi İnkişaf Akademiyası-1) 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində həyata keçirilib. Layihədən ümumilikdə 100 nəfər gənc düşərgədə iştirak edərək yararlanıb. Gənclərin böyük sevgi və rəğbətini qazanan layihə çərçivəsində onlara “Komanda işi və Liderlik”, ”Strateji planlama”, “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” və s. məzmunda təlimlər keçirilib, yeni vərdiş və biliklər qazandırılıb. Layihənin faydalananlar çevrəsini genişləndirmək məqsədi ilə bu il, “Fərdi İnkişaf Akademiyası - 2” (FİA 2) layihəsinin birinci mərhələsində Bakı və Gəncə şəhərlərinin müxtəlif ali təhsil ocaqlarında geniş auditoriyalarda seminarlar keçiriləcək. İkinci mərhələdə isə onlayn müraciətlə gənclər layihədə iştirak üçün müraciət edəcəklər. May ayının sonunda isə mərhələli seçimdən sonra seçilmiş 100 nəfər gənc düşərgəyə qatılacaq. Sədr həmçinin bu layihənin də “FİA-1” kimi uğurlu və faydalı olacağına, uzun müddət gənclərin yaddaşında xoş hisslərlə xatırlanacağına inandıqlarını bildirib.

Vüqar Nəbiyev Gəncə

DİGƏR XƏBƏRLƏR

Top