Kərkükün İraq Kürdüstan Regional Hökumətinə ilhaqı üçün referendum keçiriləcək

İraq Kərkük Vilayət Məclisi türkmən və ərəblərin boykot etdiyi iclasda Kərkükün İraq Kürdüstan Regional Hökumətinə (İKRH) ilhaq edilməsi üçün referendum keçirilməsinə qərar verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Kərkük Vilayət Məclisinin sədri Rebvar Talabani deyib. Onun sözlərinə görə, Kərkükün mübahisəli bölgə statusundan çıxması üçün referendum keçiriləcək: “Referendum tələbimizi mərkəzi hökumətə çatdırırıq. Kərkük xalqının artıq gözləməyə gücü qalmayıb”. Bundan başqa, R. Talabani İraq parlamentinin Kəkrükdə rəsmi qurum və quruluşlarda yalnız İraq bayrağının asılması qərarını tanımadıqlarını da bildirib. Referendumda Kərkük sakinlərinə İraq mərkəzi hökumətinə və ya İKRH-ə tabe olmaq sualı veriləcək.

Xatırladaq ki, martın 28-də İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İKRH-nin bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqləyib.

Qeyd edək ki, ABŞ 2003-cü ildə İraqı işğal etdiyi zaman kürd qüvvələri Kərkükü ələ keçiriblər, şəhərə xeyli sayda kürdlər köçüb. 2005-ci ildə yazılan İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkükün statusuna Səddam Hüseynin dövründə Kərkükdən zorla köçə məruz qalanların qayıtması, sonra isə şəhər əhalisinin siyahıya alınması və Kərkükün statusu haqqqında referendumun keçirilməsi ilə aydınlıq gəlməlidir. Lakin bu maddə hələ də tətbiq edilməyib. Bağdad Kərkükün mərkəzə tabe olduğunu bəyan etsə də, kürdlər şəhərin İKRH-ə ilhaq edilməsini tələb edirlər. Türkmənlər buna etiraz edərək, Kərkükə xüsusi status verilməsini istəyirlər. Şəhər əhalisinin böyük qismi türkmən, kürd və ərəblərdən formalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top