Azərbaycanda pomidorun qiyməti kəskin ucuzlaşıb. "Yeniavaz.com" saytı xəbər verir ki, ölkəmizdən Rusiyaya pomidor daşınmasında yaranmış çətinlik pomidorun qiymətinə təsirsiz ötüşməyib. Azərbaycandan Rusiyaya pomidor daşınmasında iştirak edən şəxslərdən birinin saytımıza verdiyi məlumata görə, Bakı kəndlərində, xüsusən də Zirədə pomidor yığımı və tədarükü ilə bağlı işlər demək olar ki, səngiyir. Onun sözlərinə görə, təxminən 15-20 gün öncə Rusiyaya yola salınmış TIR-lar hələ də mənzil başına yetişmədiyi üçün burada növbəti məhsulların yola salınması təxirə ləngiyib: "Narahatçılıq var ki, buradan yola saldığımız həmin məhsullar zay olacaq. Bu isə bir sahibkar üçün külli miqdarda itki deməkdir. Həm TIR-lardakı məhsullardan nigaranıq, həm də buradakı məhsullardan. Çünki vaxtı yetişən məhsul dərilib yola salınmalıdır. Bizdə olan məlumata görə, Dağıstanda yığılıb qalmış TIR-lardan məhsul xarab olmasın deyə geri qaydanlar da var. Qayıdan məhsullar Azərbaycan bazarında satışa çıxarılır. Həm də Rusiyaya göndərilməyən məhsullar da burada yerli bazara yönəldilir. Odur ki, yerli bazarda pomidorun qiymətində kəskin ucuzlaşma müşahidə edilir. Belə davam edəcəyi təqdirdə yəqin ki, pomidor daha da ucuzlaşacaq".
"Yollarda qalan pomidorlar hər keçən gün daha da köhnəlir"
Həmsöhbətimiz sərhəddəki son vəziyyətlə də bağlı məlumat verdi: "Bildiyiniz kimi, Rusiya ərazisində "Platon" sistemi tətbiq olunmağa başlayıb. Sürücülər bu sistemə etiraz edirlər. Təxminən belə deyim - bizim TIR-lar əvvəl sərhədi keçəndə tutaq ki, 1000 rubl ödəniş edirdilər, indi olub 5000 rubl. Məbləği misal üçün deyirəm. Azərbaycandan Rusiyaya pomidor daşıyan TIR-ların sürücülərinin əksəriyyəti dağıstanlılardır. Azərbaycan vətəndaşı olan sürücülərin sayı çox azdır. Etiraz edənlər də elə dağıstanlılardır. Lakin etirazlar effekt vermir. Yollarda qalan pomidorlar isə hər keçən gün daha da köhnəlir".
Ucuzlaşma davam edəcək?
Pərakəndə ticarət obyektlərində apardığımız kiçik araşdırma da Azərbaycanda pomidorun qiymətinin ucuzlaşması ilə bağlı deyilənləri təsdiq edir. Belə ki, əvvəllər 1 kiloqramı 4-5 manata satılan pomidorları indi bazarda 2 manat 80 qəpiyə, 2 manata, 1 manat 80 qəpiyə almaq mümkündür. Hətta küçə ticarəti ilə məşğul olanların bəziləri pomidorun 1 kiloqramını 1 manata, 1 manat 50 qəpiyə satırlar.
Mövcud vəziyyəti nəzərə aldıqda belə ehtimal etmək olar ki, Azərbaycanda pomidorun ucuzlaşması davam edəcək. Lakin yəqin ki, sərhəddə vəziyyət düzələndən sonra qiymətdə dəyişiklik olacaq.
Nicat