"Aprel döyüşlərində yaralanmış hərbçilərimizə fərdi yanaşma tətbiq olunacaq"

Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub

Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

"Yeniavaz.com" xəbər verir ki, görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva görüşdə çıxış edib. M.Əliyeva bildirib ki. ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir: "Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir".

Birinci vitse-prezident qeyd edib ki, verdiyi tapşırıq əsasında aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin hər birininə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaq: "Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq.

Bir azdan sonra mütəxəssislər bizə bu sahədə ən qabaqcıl texnologiyalar haqqında məlumat verəcəklər. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz".

Sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış ediblər.

Daha sonra “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin geniş təqdimatı olub.

Sonda xatirə şəkli çəkdirilib.

Mehriban Əliyeva 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə birgə foto çəkdirib.

DİGƏR XƏBƏRLƏR

Top