"Biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik".

"Biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

"Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb. Artıq konkret olaraq müzakirə etdiyimiz bəndlər üzrə prezidentlərin göstərişləri, ölkələrimizin ixrac mövqeləri nəzərə alınmaqla qısa müddətdə əmtəə dövriyyəsini, daha dəqiq desək, qarşılıqlı ixracı artırmağa imkan verəcək sənədlər hazırlanıb qəbul edilməlidir. Bunun üçün hər cür imkan var.

Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Bir daha demək istəyirəm ki, biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar alırıq. Mən, həmçinin Nursultan Abişeviçə bütün gəmi növləri, tankerlər, bərələr istehsal edən bizim Bakı gəmiqayırma zavodunun potensialı barədə məlumat verdim. Biz özümüz sifarişlər yerləşdiririk və həmçinin bu müasir müəssisənin imkanlarından istifadə etməyə Qazaxıstan şirkətlərini də dəvət edirik", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olunub: "Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək. Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da, həmçinin potensialın göstəricisidir. Bu, müəyyən dərəcədə test yükü idi. Əminəm ki, bu, iqtisadi baxımdan çox səmərəli olacaq. Biz, həmçinin qeyd etdik ki, son bir ildə Azərbaycandan və Qazaxıstandan qonşu dövlətlərə yüklərin tranziti əhəmiyyətli dərəcədə, bəzi mövqelərə görə isə hətta 8 dəfə artıb. Əlbəttə, bunun üçün təkcə infrastrukturlar kifayət deyil, hərçənd, bunsuz mümkün də deyil. Biz Şərq–Qərb yolunun üstündə yerləşən bütün dövlətlərin tariflərinin endirilməsi və eyniləşdirilməsi üzərində çox fəal işləyirik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək.

Neft əməliyyatları, tranziti sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz, həmçinin necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Başqa sözlə, bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik".

"Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik."

Bunu isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda mətbuata bəyanatla çıxış edərkən bildirib.

O deyib: "Siz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymusunuz. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.

Sənaye siyasəti hesabına biz müasir paravozlar, teplovozlar, dəmir yollarının yuxarı hissələrinin, istiqamətləndirici tənzimləyicilərinin və sairlərinin inşasını aparmışıq. Bütün bunlar Azərbaycan üçün zəruridir, biz bunları tədarük edəcəyik - metal məhsullar, mis, polad və sair. Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb. Bu, ölkələrimiz arasındakı nəhəng imkanlardan xəbər verir, yəni, ticarət, bax, budur."

N.Nazarbayev bildirib ki, ticarətdən sonra ikinci yerdə energetika gəlir: "Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir."

Qazaxıstan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik."

DİGƏR XƏBƏRLƏR

Top