Yeganə oğlu aprel döyüşlərində şəhid olan ata: “İki nəvəmlə nəfəs alıram"

Aprel hadisələrində Mingəçevir 4 şəhid verdi: Əhmədov Rüstəm Oruc oğlu, Qasımov Teymur Sabir oğlu, Adilzadə Adil Kamran oğlu, Tağıyev Rahim Qara oğlu. Onlar Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə həlak oldu və böyük insan izdihamının müşayəti ilə Mingəçevirin Şəhidlər Xiyabanında torpağa tapşırıldılar. Bu günlərdə şəhidlərdən biri Əhmədov Rüstəmin atası Oruc kişi ilə həmsöhbət olduq. Həmin vaxtdan bir il ötür. Amma şəhid valideynlərinin qəlbi göynəyir. Onların tək təsəlliləri şəhid övladlarının övladlarıdır. Elə şəhidin övladları və atası ilə Şəhidlər Xiyabanında görüşdük. Qeyd edək ki, oğlu şəhid olduqdan sonra Rüstəmin anası səhhətindəki problemlərlə bağlı xəstəxanada müalicə olunur. Bu səbəbdən onunla görüşə bilmədik. "Yeniavaz.com" saytına müsahibə verən şəhid atası əvvəlcə onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, işlədiyi Yaşıllaşdırma İdarəsinə, Səhiyyə Nazirliyinə öz təşəkkürünü çatdırdı. "Bir ilə yaxın idi ki, Rüstəmin övladları rayonda ana qohumları ilə birgə qalırdılar. Bu gün onların gəlişi məni o qədər sevindirdi ki.. Gözüm həmişə yoldadır. Mən bir ata kimi nəinki tək öz övladımla, hətta bütün şəhidlərimizlə fəxr edirəm. Onlar canlarından, qanlarından keçərək öz vətən torpaqlarını qorudular, yağı düşməndən yüksəkliyi aldılar. Oğlumun balaları mənim təsəllimdir. İnandırım sizi, onları bu gün gördüm, elə bildim gələn Rüstəmdi. Mən bu iki nəvəmlə nəfəs alıram. Onlar mənim yeganə oğlumun balalarıdır. Mənim dayağım Rüstəm idi. İndi Nurlan və Fərda mənim təsəllimdir. Onlar həm də mənə söz veriblər ki, gələn ildən təhsillərini Mingəçevirdə davam etdirəcəklər. Bir baba kimi mən buna çox sevinirəm”.

Şəhidin övladları ilə də həmsöhbət olduq. 2-ci sinif şagirdi Əhmədov Nurlan və 3-cü sinif şagirdi Əhmədov Fərda böyüyəndə ataları kimi hərbçi olacaqlarını dedilər.

Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı ilin aprel ayının 14-ü şəhid olub. Əhmədov Rüstəm Oruc oğlu ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal" ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top