İraq Kürdüstan Regional Hökuməti müstəqillik barədə təcili iclas keçirdi

İraqın iki əsas kürd siyasi partiyası Küdüstan Demokratik Partiyası və Kürdüstan Vətənpərvərlər İttifaqı İraq Kürdüstan Regional Hökumətin (İKRH) müstəqilliyi barədə referendumun keçirilməsini dəstəkləyiblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bununla bağlı razılaşma İKRH-in rəhbəri Məsud Bərzaninin sədrliyi ilə keçirilən iclasın yekunları üzrə qəbul edilib. Tərəflər müstəqillik barədə plebisitin keçirilmə mexanizmi və tarixini müəyyənləşdirəcək birgə komitənin formalaşdırılması üzrə razılıq əldə ediblər. Görüş iştirakçıları yekdilliklə İraq mərkəzi hakimiyyətinin Kərkükdə rəsmi qurumlarda İraq bayrağı ilə yanaşı asılmış İKRH-nin bayrağının endirilməsi tələblərinə qarşı da çıxıblar.

Xatırladaq ki, İKRH-nin başçısı M. Bərzaninin Kərkükə vali təyin etdiyi Nəcməddin Kərim şəhərdəki bütün rəsmi qurumların binalarında “Kürdüstan bayrağı”nın asılmasını istəmişdi. Martın 28-də İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İKRH-nin bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqləyib. Türkmən və ərəb üzvlər iclası boykot edərək səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, ABŞ 2003-cü ildə İraqı işğal etdiyi zaman kürd qüvvələri Kərkükü ələ keçiriblər, şəhərə xeyli sayda kürdlər köçüb. 2005-ci ildə yazılan İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkükün statusuna Səddam Hüseynin dövründə Kərkükdən zorla köçə məruz qalanların qayıtması, sonra isə şəhər əhalisinin siyahıya alınması və Kərkükün statusu haqqqında referendumun keçirilməsi ilə aydınlıq gəlməlidir. Lakin bu maddə hələ də tətbiq edilməyib. Bağdad Kərkükün mərkəzə tabe olduğunu bəyan etsə də, kürdlər şəhərin İKRH-ə ilhaq edilməsini tələb edirlər. Türkmənlər buna etiraz edərək, Kərkükə xüsusi status verilməsini istəyirlər. Şəhər əhalisinin böyük qismi türkmən, kürd və ərəblərdən formalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top