Bakıda güclü külək binanın dam örtüyünü uçurdu, ağacları aşırdı

Bakıda beşmərtəbəli binanın dam örtüyü uçub.

Hadisə Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi 38 ünvanında qeydə alınıb.

Belə ki, güclü külək binanın dam örtüyünü uçuraraq yerə salıb.

Dəmir konstruksiyadan ibarət olan dam örtüyünün altında binanın sakinlərinə məxsus 10-a yaxın maşın qalaraq yararsız vəziyyətə düşüb.

Bakıda əsən güclü külək nəticəsində həmçinin 3 ağac aşıb, 5 ağacın budaqları qırılaraq, yerə tökülüb, daha 15-ə yaxın ağac isə əyilərək qəzalı vəziyyətə düşüb.

Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Bakının Nəsimi rayonunda “Eldar şamı”, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sərv, Yasamal rayonunda tut ağacı aşıb. Hər 3 ağac inkişaf baxımından sağlam ağac olub.

O. Məmmədov bildirib ki, bundan başqa, Nəsimi rayonunda 2, Səbayel rayonunda 1, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 1, Nərimanov rayonunda 1 ağacın budaqları qırılaraq yerə tökülüb.

Əyilərək qəzalı vəziyyətə düşən 15-ə yaxın ağacın artıq qeydiyyata götürüldüyünü deyən O. Məmmədov əlavə edib ki, həmin ağacların budanaraq saxlanılması, yaxud kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsi rəy verəcək.

Ağacların aşmasının və qəzalı vəziyyətə düşməsinin birbaşa güclü küləklə əlaqəli olduğunu deyən O.Məmmədovun sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir: “Bakıda güclü küləklər əsdiyindən burada əkilən ağacların hündürlüyü 6-7 metrdən çox olmamalıdır. Eyni zamanda, Bakının torpağı münbit olmadığından burada ağaclar möhkəm kök ata bilmirlər. Buna görə də Bakıda ən yaxşı halda zeytun ağacları əkilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top