Cenevrə görüşündə Gürcüstan Rusiyanı sərt şəkildə ittiham edib

Martın 28-29-da Cenevrədə ABŞ, BMT, ATƏT və Avropa Birliyi rəsmilərinin iştirakı ilə keçirilən Rusiya-Gürcüstan danışıqları qarşılıqlı ittihamlarla zəngin olub. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, danışıqlarda iştirak edən Gürcüstan nümayəndə heyəti Rusiyanı Abxaziya və Cənubi Osetiyada vəziyyəti gərginləşdirməkdə və adı çəkilən ərazilərin ilhaqını rəsmiləşdirmə cəhdlərində ittiham edib. Abxaziya ilə sərhəd məntəqələrinin bağladılmasını Rusiyanın ilhaq siyasətinin nümayişi kimi dəyərləndirən Gürcüstan nümayəndələri bunun qeyri-insani fakt olduğuna diqqəti cəlb ediblər. Gürcüstan həmçinin aprel ayının 9-da Cənubi Osetiyanın adının dəyişdirilərək Alaniya adlandırılmasına xidmət edəcək referenduma da öz etirazını bildirib və bunu Rusiyanın yeni təxribatı adlandırıb. Tbilisi Rusiya ilə bu gün Cənubi Osetiya arasında imzalanacaq və qondarma qurumun hərbi birləşmələrinin RF silahlı qüvvələrinin tərkibinə daxil olunmasını nəzərdə tutan sənədin Moskvanın işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Rusiya isə öz növbəsində Gürcüstanın NATO-ya üzv olma cəhdini bəhanə gətirərək özünün və "müttəfiqlərinin" təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu iddia edib və bu yolla ilhaq siyasətinə haqq qazandırmağa cəhd edib.

DİGƏR XƏBƏRLƏR

Top