Xəzərdə fırtına gözlənilir, neftçilər təhlükəli yerlərdən çıxarılır - AÇIQLAMA

Bu gün bir çox saytlarda Xəzər dənizində fırtına olacağı ilə bağlı məlumatlar yayılıb. Bəs bu məlumatlar nə dərəcədə doğrudur? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeniavaz.com" saytına verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib: "Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Hava kəskin dəyişəcək, güclü külək əsəcək".

Bundan əlavə, Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin meteohəssas insanlar üçün çox əlverişsiz olacağı bildirilir.

Qeyd edək ki, neftçilərin ölümü və itkin düşməsi ilə nəticələnən hadisələr bundan öncə məhz fırtına olan günlərdə baş verib.

Məsələn, "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olub və hadisə məhz fırtına zamanı olub.

"Yeniavaz.com" saytının məlumatına görə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı gözlənilən hava şəraiti ilə əlaqədar dənizdə sayca çox az işçi qalmalı (operatorlar) və onların təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülməlidir: "KİV-də məlumat yayılıb ki, gözlənilən qasırğa ilə əlaqadar Azneft İstehsalat Birliyinin strukturuna daxil olan dəniz özüllərindən, işçilər sahilə çıxarılır. Bəli, verilən məlumat düzdür. Amma mənə verilən məlumata görə "28 may" NQÇİ-yə məxsus olan platformalardan, o cümlədən, 10-cu platformadan hələ kimsə çıxarılmayıb. Onu da qeyd edim ki, neft hasilatı fasiləsiz istehsalat sayılır. Yəni dənizdə sayca çox az işçi qalmalı (operatorlar) və onların təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülməlidir".

M. Qəhrəmanlının bildirdiyinə görə, qasırğa ilə əlaqədar Azneft İstehsalat Birliyinin tərkibinə daxil olan "Neft Daşları" NQÇİ, "Nərimanneft" və "Abşeronneft"ə məxsus təhlükəli ərazilərdən işçilər çıxarılıb. Bəzi ərazilərdən işçilərin hamısı çıxarılıb, bəzilərində isə işçi sayı minimuma endirilib. Neft daşlarından çıxarılan işçilərin sayı 35 nəfərdir. Qasırğa ilə əlaqədar "Nərimanneft" və "Abşeronneft"ə məxsus dəniz qurğularından sahilə çıxarılan işçilərin sayı ilə əlaqədar isə məlumatı dəqiqləşdirməyə çalışırıq".

DİGƏR XƏBƏRLƏR

Top