Qarşıdan gələn parlament seçkiləri ərəfəsində Serj Sarkisyana sui-qəsd cəhdinə baş vurula biləcəyindən ehtiyat edən xüsusi xidmət orqanları onun təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edən tədbirlər həyata keçiriblər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağa səfər edən, həmçinin seçicilərlə görüşən Sarkisyanı hava uçuşlarında iki hərbi vertolyot müşayiət edir. Bununla əlaqədar məsələyə diqqəti cəlb edən "Joxovurd" qəzeti yazır: "Sarkisyanın təhlükəsizliyinin gücləndirilməsi təsadüfi deyil. Belə ki, bu yaxınlarda Nork-Maraşda havadakı hədəfi məhv etmək imkanı verən qranatomyotla silahlanan bir qrup şəxs tərksilah edilib. Bundan əlavə Samvel Babayanın ölkəyə "İqla" zenit-raket kompleksləri gətirmə cəhdinə görə həbs edilməsi də prezidentin təhlükəsizliyinin gücləndirilməsini zəruri etmişdi”.
Öz növbəsində dövlət sərhədlərini mühafizə idarəsinin rəisi Qraçya Arutyunyan da Sarkisyanın təhlükəsizliyinin gücləndirildiyini etiraf edib. Ancaq o bunun daha çox adi protokol qaydaları çərçivəsində həyata keçirildiyini söyləyib.