"İşsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir" - İlham Əliyev

“Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir”.

Bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, bütün hazırlıq işləri vaxtında görülməli, itkilər minimuma endirilməlidir: “Pambıq tarlalarına gedən yollar təmir edilir, qəbul və pambıqtəmizləmə məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. Bu il ancaq pambıq becərən rayonlarda 200 min insan işlə təmin olunacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomların hazırlanması vacibdir: “Ölkəyə pivot suvarma sistemləri gətirilir. Həmin sistemlər məhsuldarlığı bir neçə dəfə artırır. Gələcəkdə ölkəmizdə pivot suvarma sistemlərinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranacaq. Hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Onların emal gücü 400 min tondur”.

Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: “Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək”.

Prezident deyib ki, bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var.

İlham Əliyev bildirib ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər: “Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”.

Dövlət başçısı yeni iş yerlərinin yaradılmasının vacibliyini qeyd edib: “Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.AzərTAc

DİGƏR XƏBƏRLƏR

Top