Bakıda 121 min manata 245 kv. metr sahəsi olan kafe satıldı

Bu gün növbəti əmlak hərracı baş tutub. "Yeniavaz.com" Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən bildirir ki, hərracda 14 dövlət əmlakı özəlləşdirilib.

Onların bir qismi kiçik dövlət müəssisə və obyekti, digəri isə istifadəsiz qeyri-yaşayış sahələrinə aiddir. Hərrac zamanı həmçinin nəqliyyat vasitələri də özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən istifadəsiz qeyri-yaşayış sahələrinin bəzisi paytaxtda, digərləri isə regionlarda müvafiq olaraq Abşeron, Gəncə, Qəbələ və Salyanda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib.

Hərracda yüksək qiymətə satılmış növbəti əmlak 121 min 250 manata özəlləşdirilən “Qərənfil” kafesi (245 kv. metr) olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən “2 saylı avtomobil dayanacağı”dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.

Qeyd edək ki, 2017-ci ilin ilk 3 ayında 10-a yaxın hərrac keçirilib. Bu hərraclarda özəlləşdirilən əmlaklar müxtəlif iqtisadi sahələrə aid olub. Keçirilən hərraclarda özəlləşdirilən əmlaklar tikinti, nəqliyyat, xidmət, sənaye, ictimai iaşə və sair sahələrin canlanmasına və inkişafına təkan yaradır. Belə müəssisələr və obyektlərdə fəaliyyət müasir tələblərə əsasən yenidən bərpa edilir və bununla da iqtisadi aktivliyə, yeni iş yerlərinin yaradılmasına səbəb olur.

Xatırladaq ki, növbəti hərrac aprelın 4-də keçiriləcək. Hərraca çıxarılan 145 əmlakdan 21-i səhmdar cəmiyyəti, 78-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi və 14-ü nəqliyyat vasitəsidir. Özəlləşdirilməyə çıxarıalan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.

DİGƏR XƏBƏRLƏR

Top