Moskvanın Tverskoy məhkəməsi müxalif siyasətçi, Korrupsiya ilə mübarizə fondunun qurucusu Aleksey Navalnıyı 15 sutkalıq həbs edib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, hakim Alesya Orexova siyasətçini martın 26-də Moskvanın mərkəzində keçirilən hakimiyyətin icazə vermədiyi etiraz aksiyalarında polisə müqavimət göstərməkdə təqsirli bilib. A.Navalnıy təqsirkar olmadığını deyib: “Mən həmişə polislərin qanuni tələblərini yerinə yetirirəm”. Bundan başqa, məhkəmə müxalifətçini qanunsuz etiraz aksiyası keçirdiyinə görə 20 min rubl məbləğində cərimələyib.
Xatırladaq ki, martın 26-da bütün Rusiya üzrə müxalifətin antikorrupsiya mitinqləri keçirilib. Polis Moskvada etiraz aksiyasına 7-8 min nəfərin toplaşdığını bəyan edib. A. Navalnıy mitinqin ən başlanğıcında saxlanılıb.