"Bu mesaj əslində bizədir - Azərbaycana" - Politoloq

"Sərkisyan Lələtəpənin itirilməsi ilə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa son gəlişi zamanı diqqətçəkici açıqlama verib. O ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: "İki seçimim var idi. Birinci seçim - yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim - hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər".

Politoloqun sözlərinə görə, bu açıqlamadan iki nəticə çıxır: "Birincisi, Serj Sərkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir. İkincisi, Sərkisyan Lələtəpənin itirilməsi ilə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir".

Politoloq bir maraqlı məqama da toxunub: "ATƏT-in Minsk Qrupu həmsədrləri bu gün İrəvanda rəsmi görüşlər keçiriblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar. Elə bil ki, bu həmsədrlər münaqişənin həlli ilə deyil, ordan bura, burdan ora xəbər daşımaqla məşğuldurlar.

Həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır. Çünkü rəsmi İrəvan kimi həmsədrlər də düşünür ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Ancaq həmsədrlər savaş təhlükəsindən əvvəl aprelin 2-də Ermənistanda parlament seçkisinin nəticələri ilə tanış olmalıdırlar. “Ermənistanda seçki günü və sonrası nə baş verəcək” sualı “apreldə cəbhə bölgəsində yenidən toqquşmalar olacaqmı” sualı qədər aktualdır".

DİGƏR XƏBƏRLƏR

Top