İraqın Mosul şəhərinin qərb rayonlarının İŞİD terror təşkilatının silahlılarından azad edilməsi üzrə keçirilən əməliyyat dövründə indiyədək təqribən 4 min nəfər həlak olub. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraq ordusunun generalı Sair əl-Musəvi deyib. Onun sözlərinə görə, itkilərin sayı 3864 nəfər təşkil edib, hərbi əməliyyatlar zamanı təxminən 10 min evə ziyan vurulub. Əl-Musəvi qeyd edib ki, İraq təhlükəsizlik qüvvələri Mosulun qərb rayonlarının ərazisinin 54 faizini İŞİD terrorçularından azad edib.
Qeyd edək ki, İraq ordusunun İŞİD-ə qarşı əməliyyatına milli Hərbi Hava Qüvvələri, habelə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyasını aviasiyası havadan dəstək verir. İraq hökuməti daha əvvəl məlumat vermişdi ki, hərbi əməliyyatın başladığı fevralın ortalarından etibarən Mosulun qərbini 180 min dinc sakin tərk edib.