Ukraynada rus siyasətçi qətlə yetiridi

Kiyevdə atışma nəticəsində Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov qətlə yetirilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirlitinin Kiyev baş idarəsinin rəisi Andrey Krişenko deyib. O bildirib ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb: “Onlar xəstəxanaya yerləşdiriliblər. Öldürülənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, rusiyalı siyasətçi, Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovdur”. O, polisin öldürülənin fəaliyyətini nəzərə almaqla sifarişli qətl versiyasını nəzərdən keçirdiyini əlavə edib: “Qatil Vorononenkovun mühafizəçisini də yaralayıb, lakin sonuncu cavab atəşi aça bilib. Qatil yaralanıb və ələ keçirilib”.

Xatırladaq ki, D. Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya mühacirət edib. Rusiya vətəndaşlığından imtina edərək dekabrdan Ukrayna vətəndaşlığını qəbul edib. 15 fevral 2017-ci il tarixindən iri fırıldaqçılığın təşkili ittihamı üzrə Rusiya federal axtarışında, 27 fevral 2017-ci ildən isə beynəlxalq axtarışdadır. O, həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı açılmış dövlətə xəyanət işi üzrə Ukrayna prokurorluğuna ifadə verib.

DİGƏR XƏBƏRLƏR

Top