“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Axtarış - Xilasetmə qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.