Şərab spirtli içki siyahısından çıxarıldı: artıq yeyinti məhsuludur

Moldova şərabı spirtli içkilər siyahısından çıxarıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu qərar yerli şərabçılara dəstək verilmək üçün qəbul edilib. Parlamentin qərarına əsasən, bu məhsulun gecə saatlarında reklamına və satışına məhdudiyyət tətbiq edilməyəcək. Düzəlişlərə görə, indi Moldovada şərab “yeyinti məhsulu” sayılır. Layihənin müəllifi deputat İvan Balan bildirib ki, keyfiyyətli şərabın normada qəbul edilməsi son vaxtlar tünd içkilərə üstünlük verən ölkə sakinlərinə də fayda verəcək. Bununla belə, bəzi deputatlar bu təşəbbüsü dəstəkləməyiblər. Onlar hesab edirlər ki, liberallaşdırma ölkədə spirtli içki qəbulunu artıracaq. Deputatlar qeyd ediblər ki, Moldova artıq bir neçə ildir Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi ən çox içki qəbul edən ölkələrin siyahısına başçılıq edir. Belə ki, hər il ölkənin hər bir yetkin sakinin payına 17,4 litrədək təmiz spirt düşür. 17,1 litrlə Belarus siyahının ikincisidir. Hazırda Moldovada televiziya və radioda alkoqolun reklamı qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top