"Aciz"in əlində aciz qalmadılar

Fyodor Dostoyevskinin 1876-cı ildə yazdığı "Aciz" ("Krotkaya") povesti əsasında eyniadlı tamaşa hazırlanıb. Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun tələbəsi, Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Emil Bakuvinin quruluş verdiyi tamaşada rolları Əməkdar artist Sovqi Huseynov və istedadlı gənc akrisa Xəyalə Meydanova ifa edirlər. Bu barədə “Yeniavaz.com”a əsərin tərcümə və səhnə redaksiyasının müəllifi, tanınmış jurnalist Gülcahan Mirməmməd məlumat verib. Gülcahan xanımın sözlərinə görə, tamaşanın səhnə həlli onun gözlədiyindən də yaxşı alınıb.

"Həmin əsəri tərcümə etmək və səhnəyə gətirmək ideyası sizdə necə yarandı?" sualına isə o, belə cavab verdi: "İdeya mənim deyil. Təklif Bəhram Osmanovdan gəlib. Emil onun tələbəsidir. Diplom rəhbəri kimi əsəri o, məsləhət görüb. Bəhram müəllim həm də məni tərcüməçi kimi tanıyır və bəyənir. Mənə etibar etdi. Birgə işlədik. Povest rus dilində "Krotkaya" adlanır. Bu söz çoxmənalıdır. Onu dilimizə "balaca", "mütavazi", "təvazökar", "qorxaq" kimi də çevirmək olardı. Amma əsəri bir neçə dəfə oxuyandan sonra, eyniadlı əsər əsasında çəkilmiş filmə baxdıqdan sonra mən bu sözün - acizin üstündə dayandım. Bəhram müəllimin tələbi bu idi ki, tamaşa qısa olmalıdır, Kişi ilə Qadından başqa obraz olmamalıdır. Mən də onunla məsləhətləşərək qısaltdım, təxminən 1 saat çəkən tamaşa alındı. Onu da deyim ki, bu əsər üzərində 3 ay götür-qoy etmişəm".

Gülcahan xanım həmçinin tamaşanın qısa məzmunu barədə də müəyyən açıqlama verdi: "Ortayaşlı müamiləçi (sələmçi)gənc yetim qıza evlənir, onu bibilərinə qulluqçuluqdan qurtarır. Qızı çox sevsə də, öz sevgisini ona bilidrimir, onunla soyuq davranır. Arada baş verən narazılıqdan sonra arvadının heç üzünə baxmır. Bir gün isə anlayır ki, öz sevgisini etiraf etməlidir, xəsislik etməməlidir. Amma gecikir. Gənc qadın intihar edir. Bir də... bu əsərin əsas qayəsi insanları ətrafındakılara diqqətli olmağa çağırmaqdır. Çünki incitdiyin insanın nədən bezərək səni tərk edəcəyini bilə bilməzsən".

Əldə etdiyimiz məlumata görə, "Aciz"in Gənc Tamaşaçılar Teatrının repertuarına salınması da gözlənilir.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top