Fransa prezidenti 11 nəfərdən biri olacaq

Fransada 11 nəfər prezident seçkilərində iştirak etmək üçün tələbləri yerinə yetirə bilib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Konstitusiya Şurasının sədri Loran Fabius deyib. Onun sözlərinə görə, iki qadın və doqquz kişi namizəd prezident seçkilərində iştirak etmək üçün xalq tərəfindən seçilmişlərin (deputat, mer, regional şura üzvləri və digər siyasətçilər) 500-nün imzasını toplaya bilib. Qeyd edilir ki, 2012-ci ildə ölkə prezidenti vəzifəsi uğrunda 10, 2007-ci ildə isə 12 namizəd mübarizə aparıb. Apreldə seçkilərdə iştirak edəcək namizədlər aşağıdakılardır: “İş mübarizəsi” partiyasının nümayəndəsi Natali Arto, “Xalq respublika ittifaqı” partiyasının sədri Fransua Asselino, “Həmrəylik və tərəqqi” hərəkatının sədri Jak Şeminad, “Ayağa qalx, Fransa!” partiyasının namizədi Nikolya Düpen-Enyan, “Milli cəbhə”nin lideri Marin Le Pen, “Respublikaçılar” partiyasının nümayəndəsi Fransua Fiyon, “İrəli!” mərkəz partiyasının lideri Emmanuel Makron, sosialist Benua Amon, ifrat solçuların nümayəndəsi Jan-Lyuk Melanşon, “Yeni antikapitalizm partiyası”nın lideri Filipp Putu və mərkəzçi deputat Jan Lassaldır. Xatırladaq ki, Fransada prezident seçkiləri 2017-ci ildə iki tur olmaqla aprelin 23-də və mayın 7-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top