Bakı Nəqliyyat Agentliyi maarifləndirmə tədbirlərinə başlayıb

Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin "Yeniavaz.com"a verdiyi məlumata görə, bu çərçivədə 28.03.2017 tarixində “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim təşkil ediləcək. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələrinə xüsusi hərəkət zolaqlarının əhəmiyyəti, onlardan istifadə qaydaları izah ediləcək. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq M.Füzuli küçəsində (Qış parkı boyunca) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, həmin zolaq müvafiq yol nişanları ilə təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Top