Fikrət Qocanın oğlunun ölümü ilə bağlı YENİ AÇIQLAMA - Təşkilat sədri danışdı

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirilməsi xəbəri hələ də mətbuatın gündəmindədir. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M. Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Lakin Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyev "Yeniavaz.com" saytına açıqlamasında Yalçın Qocayevin bu təşkilatın üzvü olması barədə məlumatı təkzib edib.

F. Rzaquliyev hadisədə adıçəkilən Yalçın Qocayevin tanışlarının da təşkilatla hər hansı bir əlaqəsi olmadığını açıqlayıb. Birlik sədri saytımıza sözügedən binanın vəziyyəti ilə bağlı da ətraflı məlumat verib.

"Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binası kimi təqdim olunan yer baxımsız bir ərazidir, şöbəmiz orada fəaliyyət göstərmir. Ölənin dalınca danışmazlar, rəhmətlik nə cür həyat keçirirdi, bilirsiniz. Ekspertiza aparılıb. Yalçın Qocayev dostları ilə haradasa yeyib-içib, bir qədər aralıda döyülüb, sonra dalda yer kimi gətirib onu ora qoyublar. Hadisə belə olub. Hadisənin bizim təşkilata heç bir aidiyyəti yoxdur",-deyə F. Rzaquliyev bildirib.

"Həmin yeri təşkilatımızın öz uşaqları təmir edəcəkdilər"

F. Rzaquliyevin sözlərinə görə, sözügedən otaq uçuq bir yerdir: "Təşkilatımızın orada fəaliyyəti olmayıb. Bəlkə gedib orada yeyib içiblər, nə deyim? Həmin ərazidə yaşayan adam olub. Təşkilatımızla bu şəxsin heç bir bağlılığı olmayıb. Onunla şəxsi tanışlığım da yox idi. Eşitdiyimə görə Əfqanıstanda olub, yəni müharibə görmüş adam olub. Elə eşitmişəm".

Yayılan məlumatlarda Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binası kimi təqdim olunan yerin bərbad olmasına gəlincə, Fizuli Rzaquliyev bildirib ki, oranın təmiri nəzərdə tutulurmuş: "Həmin yeri təşkilatımızın öz uşaqları (üzvləri nəzərdə tutur-red) təmir edəcəkdilər, Asif müəllim sağ olsun, vətənpərvər adamdır, təmiri öz öhdəsinə götürmüşdü, amma iqtisadi çətinlikdir... Ona görə də fəaliyyət yoxdur orada. Bomj həyatı keçirən insanlar hara olsa yığışırlar. O yerdə bir lövhə asılıb, saytlar gedib onu görüb, yazıblar. Bizim bütün rayonlarda şöbələrimiz var, sadəcə baxımsızlıqdan ora qalıb. Əvvəl ora istilik enerjisi verilən yer idi, o vaxt uşaqlar bir trafaret asdılar. İmkan olmadı təmir eləməyə. Təmirsiz, baxımsız olduğundan orada heç bir iş görə bilmirdik. Yolunuz düşsə, özünüz də baxarsınız, uçuqdur, bir tərəfi dağılıb. Biri var qapı ola açıb girəsən... Hörgünün bir tərəfi uçub deyə oradan girirlər, çıxırlar. Biz ictimai qurumuq, elə bir imkanımız yoxdur ki, harasa vəsait ayıraq, ya tikək. Kimlərsə - yaxşı kişilər, yaxşı oğlanlar bizə kömək eləyir".

"Bomj ölsəydi, heç bu qədər səs-küy olmayacaqdı"

Təşkilat sədrinin sözlərinə görə, cinayətin iştirakçısı olan şəxslərin tapılmasında veteranların köməkliyi olub: "Onları tanımırıq. Amma bilirəm ki, onların tapılmasında bizim həmin ərazidə yaşayan veteranların da xidməti olub. Həmin trafareti o yerdən gərək vaxtında götürəydilər, amma götürməyiblər. Trafaret orada olmasaydı, deyəsi idilər uçuq bina. Bina deyirlər, ancaq qarajdan da alçaq bir yerdir. Pul tapan kimi təmir edəcəyik. Napoleon bir gün ordunun rəhbərlərindən birini çağırıb deyir ki, ordumuzu gücləndirmək üçün 3 amil de. Həmin şəxs də birinci puldan başlayır. Napalyon da deyir ki, onda digər ikisi lazım olmadı. Bax, indi bizdədə belə vəziyyətdir. Sağlıq olsun. Qabaq həmin yeri kimsə söküb dağıtmışdı. Uşaqlar imkan vermədilər. Elə də yarımçıq qaldı. Bir daha vurğulayıram - nə ölənin, nə də öldürənin bizim təşkilata heç bir aidiyyəti yoxdur. Sadəcə, o yer ərazi baxımından bizə aid olub. Əvvəllər orada təşkilatımız fəaliyyət göstərib. Ancaq sonradan ev, obyekt tikənlər oranı pis vəziyyətə saldılar, yolu bağladılar. Uzun söhbətdir, çox çək-çevir olub. Bu hadisədən sonra ora məşhurlaşdı. Gələcəkdə yəqin ki, təmir olunar, şöbə də öz fəaliyyətinə başlayar. Bomj ölsəydi, heç bu qədər səs-küy olmayacaqdı. Mərhum vaxtilə Nazirlər Kabinetində işləyib. İçki belə şeydir də... Həyatdır da. Əvvəlin gəlincə, axırın gəlsin".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top