Yazının birinci hissəsini buradan oxuya bilərsiniz.
Redaksiyamızın budəfəki qonağı tanınmış jurnalist Elçin Şıxlı oldu. E. Şıxlı "Ayna", "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin sədridir.
"Azərbaycanlının ən ali məqsədi qara yekə "cip" almaqdır"
- Sizi televiziya kanallarına dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?
- Əgər məni televiziyaya çıxarsalar, mən orada sizinlə danışdığım kimi danışacağam. Nəyin səhv, nəyin düz olduğunu deyəcəyəm. Ona görə də, mən televiziyaya çıxmıram, yəni çıxartmırlar. Amma müğənnilər çıxıb "ekspert" olurlar. Onların çoxu ora toy tutmağa çıxır. Düzdü, aralarında bir az kitab oxuyanları da var. Amma böyük əksəriyyəti elə deyil. İndi gənclərdə belə bir fikir formalaşdırıblar ki, onlar üçün ideal insan müğənnilərdi, özü də toy müğənniləri. Gənclər baxıb görürlər ki, bunun heç səsi də yoxdur, amma müəyyən qədər notları bilir və tanınır. Əvvəlcə çadır toylarında oxuyur, sonra yavaş-yavaş pul qazanmağa başlayır. Sonra görürlər ki, yekə bir qara "cip"də gəzir. Azərbaycanlının ən ali məqsədi qara yekə "cip" almaqdır. Özü də ikinci əl.
Futbolçularımız da elədi. Bizdə niyə futbol yoxdur? Çünki, qıraqda oynayan futbolçularımız yoxdur, burada kifayət qədər pul qazanırlar. Bununla onlar ikinci əl "Reync Rover" ala bilirlər, bitdi. Bundan sonra o, "Liverpul"a düşməyə heç səy də göstərmir.
- Azərbaycanda mütaliənin vəziyyətini necə dəyərləndirirsiniz?
- Mənim bir dostum var, naşirdi. Bu yaxınlarda bir kitab dükanı açdı. Harda açsa yaxşıdı? Zirzəmidə. Bizdə Hökumət evinin arxasında kitab evi deyə bir şey var idi. 16 mərtəbənin altının hamısı kitab dükanı idi. İndi bir dəftər istəsəniz, ordan tapa bilməzsiniz. Çünki, kitab evi ləğv olunub. Həmin o dostum zirzəmidə açdığı kitab dükanında öz nəşriyyatında çap olunan kitablara və Azərbaycan dilində olan kitablara üstünlük verir. Bir neçə dəfə demişəm ki, bəlkə rusca kitab çap edək, deyib yox. İndi vəziyyəti soruşuram, deyir ki, vallah, mənim o həmin dükanımdakı kitabların 25%-i rus dilindədir. Satılanların da 75%-i rusca olanlardı. Dediyinə görə, çox təəssüf ki, oradan qazandığı pulların çoxu dəftər və ləvazimatların satışından gəlir.
"Seriallarımıza baxın, o bunu aldadır, bu onun arvadına göz salır"
- Gənc yazarların yazdıqlarını oxuyursunuz?
- "Əli və Nino" kitab evi bir ara kitab müsabiqəsi keçirirdi. Mən onun ən yaxşılarının 10-luq və 20-liyini oxuyurdum. Sözün doğrusu, tüklərim biz-biz olurdu. Ədəbiyyata aid olan heç nə yox idi. Ədəbiyyatda istənilən əsərdə xarakter olmalıdır. Əsər ona görə yazılır ki, qəhrəmanın timsalında insanları maarifləndirəsən. Düzdür, real həyatda çox insanın başı daşa-kəsəyə dəyir və deyir ki, əşşi kitabdakı qəhrəman kimi olmaq lazım deyil. Hər halda beyninin harasındasa bir simvol qalır ki, qəhrəman olmaq yaxşı şeydi. Bəs indi bizdə necədir? Əsərin qəhrəmanı alçağın biridir. Mən demirəm ki, hamı Koroğlu, Babək olmalıdır, yox. Sadəcə olaraq insanın özəyi olmalıdır. Bizdə ya narkotik istifadəçisidir, ya da quldur, yəni bir normal adam qəhrəman olmur. Seriallarımıza baxın, o bunu aldadır, bu onun arvadına göz salır və s. Həyatda belə şeylərin olduğunu inkar etmirəm, amma bunları norma halına salmaq olmaz. Ayrı-ayrı hadisələr təbii ki, olur. İndi bizdə deyirlər ki, intihar hadisələrini o qədər yazırlar ki, intihar edənlərin sayı artır. İntiharların səbəbi bu deyil. Sovet dövründə də intiharlar az deyildi. Onda başqa sistem idi, yazmaq olmazdı. Yaxşı, sosial problemdən yazmaq olmaz, fikrini söyləmək olmaz, siyasi vəziyyətdən yazmaq olmaz, keyfiyyətli publisistik yazı yazmaq olmaz, bəs nə yazılmalıdır? Belə olanda da hamı girişir kriminal xəbərlərə. Axırda deyirsiz ki, kriminal xəbər də olmaz. Onda gəlin, ümumiyyətlə, jurnalistikanı ləğv edək.
- 2017-ci iln ilk günlərindən etibarən intihar hadisələrinin sayı dəfələrlə çoxalıb. Bunu nə ilə əlaqələndirirsiz?
- Bu intiharların səbəbini müəyyənləşdirmək üçün araşdırma qrupu olmalıdır. Psixoloqlar araşdırmalıdır ki, bəs nə üçün sağlam insan durduğu yerdə özünə qəsd edir? Mən birbaşa nə isə deyə bilmərəm. Bunu mütəxəssislər araşdırmalıdır. Bu araşdırmalardan sonra bir nəticəyə gəlinməlidir və aidiyyəti qurumlara deyilməlidir ki, səbəblər budur, düşünün və ölçü götürün. İntiharların sayının artmaması üçün heç bir tədbir görülməyəndə insanlar özləri başlayır yazmağa. Bu səbəblər arasında sosial-iqtisadi problemlər, təbii ki, var. Amma mən səbəin ancaq bu olduğunu söyləyə bilmərəm.
"Normal, kreativ inkişaf proqramı qurmaq mümkündür, hər şeyi dəyişmək olar"
- İndi bəziləri "ölkədə vəziyyət pisdi, getdikcə daha da pisləşəcək", bəziləri isə "bu da bir keçid dövrüdür" deyir. Siz nə deyirsiniz?
- Yumşaq desək, vəziyyət yaxşı deyil. Təəssüflə deməliyəm ki, bizim iqtisadi bloka rəhbərlik edən insanların çoxu o vaxtkı Xalq Təsərrüfatı İnstitutunu bitiriblər. (İndiki İqtisad Universiteti o vaxt belə adlanırdı.) Böyük əksəriyyəti də imtahanlarda rüşvətlə qiymət alıblar. Həmin bu Universitet reytinqinə görə dünyada 800-cü sıralardadı. Bunlar nə iş görə bilərlər? Bəlkə də eləyə bilərlər, sistemin içindədirlər, hansısa zəncirin vəsilələridirlər. O zənciri qırmaq lazımdır. İndi buna kimin hünəri çatacaq, o ayrı söhbətdir. Məsələn, SSRİ vaxtı ən rüşvətxor respublikalardan biri Gürcüstan idi. Orada olan rüşvət bizim yuxumuza da girməzdi. Yəni, deməyim odur ki, qabağa düşüb nə isə eləmək lazımdır.
Fikir verin, biz xorla oxuyan millət deyilik. Milli xor yoxdu bizdə. Xor ancaq konservatoriyadadır, o da klassik xordu. Azərbaycan millətinin milli xoru yoxdur. O mədəniyyət yoxdu bizdə. İdmanda da belədir. Tək döyüş növlərində uğurumuz var, amma komanda şəklində uğurumuz yoxdu. Voleybolda uğurumuz var idi, onda da rus qızını Qorxmazqızı edirdik, qurtarırdı. Bununla alınmır.
Vəziyyət yaxşı deyil, ümumiyyətlə hər şeyi dəyişmək olar, bu mümkündü. 9-10 milyon əhalimiz var, bunun da bilirik ki, yarısı ölkədə deyil. Normal, kreativ inkişaf proqramı qurmaq mümkündür, hər şeyi dəyişmək olar. Allahın Qazaxıstanına biz bir az yuxarıdan aşağı baxırıq. Qazaxıstan əjdaha ölkədi. Nazarbayov dövlət işçilərinə tanınmış iqtisadçı Ceremi Rifkinin mühaziərlərini dinləməyi məcbur edir.
"Köşklərdə xiyar satanların qulağından tutub atırsan bayıra"
- Sizcə, kütləvi informasiya vasitələrinə dövlət dəstəyi necə olmalıdır?
- Sizə bir şey deyim, o ideyanı mən və Mehman Əliyev vermişdik. Biz Hamburq şəhərində olmuşduq, Almaniya mətbuatı ikinci dünya müharibəsindən sonra Hamburqdan qalxdı. Marşal fondu deyilən Amerika fondu var idi, onlar müharibədən sonra alman mətbuatının dirçəlməsi üçün vəsait vermişdi. Proqram 2-3-5 illik olur, həmin müddətdə KİV özünə gələnə qədər ona dəstək olunur. Yəni, ilkin kapitalı vermişdilər. İndi Almaniya mətbuatı dünyanı dağıdır.
Biz bunu nəzərə alaraq, KİV-ə dəstək olan bir fond olmalıdır, dedik. Heç dövlət dəstəyi yox, ümumiyyətlə, fond olması ilə bağlı təklifimiz var idi. Bu fondla əslində mətbuatı əməlli dirçəltmək olar. Hələ də olar, amma layihələr işləsə. Birinci növbədə yayımı dirçəltmək lazımdır. Sonra köşklərdə xiyar satanların qulağından tutub atırsan bayıra. Çünki, o köşklərin hamısı dövlət vəsaiti hesabına alınıb.
- İctimai qınaq necə olmalıdır və bununla nəyə nail ola bilərik?
- Məsələn, hansısa qəzetin işini, yazdıqlarını bəyənməyəndə, sadəcə olaraq, o qəzeti almırlar. İctimai qınaq formalarından biri budur. Həm də insanların fikirlərini bildirməsidir ictimai qınaq. Məsələn, "haqqın.az"ı oxuyurlar, amma həm də söyürlər. İctimai qınaq odur ki, bəyənmirsən oxuma. Amma vəziyyət o yerə gəlib çatıb ki, informasiyanı ancaq onlardan almaq olur, orada informasiya olur. Çünki, onlara birbaşa informasiya verirlər, başqa yerdə informasiya yoxdur. İndi informasiyanı necə təqdim edir, o tamam başqadır. Məsələn, ictimai qınaq olsaydı, Siyavuş Novruzovu deputatlıqdan çıxarardılar. Hadı Rəcəblini çoxdan atardılar bayıra. Ümumiyyətlə, o parlamenti seçməzdilər. Budur ictimai qınaq. Bizim parlamentdə isə... Deputatlar gəlirlər ora, "znaçoku" taxırlar yaxalarına, bilirlər ki, pensiyaya çıxanda 1200-1400 manat pul alacaqlar. Parlamentə düşmək budur. Bir də odur ki, ora düşüm, ordan bəlkə bir mənzil alım, maşın alım, balaca bir dükan açım. Bir az biznesi olanlar da özlərini tez ora salırlar ki, toxunulmazlıq əldə eləsinlər, işlərini bir az da genişləndirsinlər. Bütün postsovet ölkələrində parlamentə getmək həvəsi bundan irəli gəlir. Heç görmüsünüzmü hansısa bir qanun layihəsini bəyənməyib geri qaytarsınlar. Çünki, parlament sədrləri durub deyir ki, mən sizə burada siyasi söhbətlər aparmağa icazə verməyəcəyəm. Özü də biri deməyib, Oqtay Əsədovdan əvvəl də deyənlər olub. Bəs siyasi söhbətin yeri haradı? Küçədi?
- Azərbaycan Jurnalistlər Birliyinin sədrisiniz. Bu birliyi necə görmək istəyərdiniz, ancaq indi vəzəyyəti necədir?
- Vəziyyət indi sıfırdı. Necə görmək istəməyim tək məndən asılı deyil. Jurnalistlərin arasında ictimai fəallıq olsaydı, onlar özləri gələrdilər və məni dümsükləyərdilər ki, ya çıx get burdan, ya da deyərdilər ki, dümsükləyirik səni arxanda durmuşuq, gəl bir iş görək. Maliyyə yoxdur, nə ola bilər ki?! Azərbaycan Jurnalistlər Birliyinin (AJB) 4000-ə qədər üzvü var, amma nə olsun? Gəlib o Birliyin kitabçasını alırlar, vəssalam. Yaşlı adamlar gəlir, deyirlər mən Azərbaycan Yazıçılar Birliyinin (AYB) də üzvüyəm, filan qədər kitabım çap olunub, Jurnalistlər Birliyinə də üzv olmaq istəyirəm. Soruşuram, sənin ümumiyyətlə, jurnalist fəaliyyətin olub? Cavab verir ki, yox. Deyir AYB üzvüyəm də, deyirəm, onda get Anar müəllimin yanına. Şair niyə gəlib AJB-ə üzv olmalıdır?
Dövlət tərəfindən heç bir maliyyə dəstəyi yoxdur. Amma qrant almaq qadağası olmasa, mən xaricdən nə qədər istəyirsiz maliyyə tapıb gətirərəm. Berlin Jurnalistlər Birliyi bu saat bir himə bənddi. Gəlsinlər layihələr quraq, işlər görək. "Zerkalo"nun özündə NATO ilə bir layihəmiz var idi, 12 il işləmişdik. 2013-cü ilin sonundan 4000 avro pulum yatıb qalıb orda. Nə o pulun götürülməsinə, nə də NATO-ya qaytarılmasına imkan verilir. İmtina yazıram ki, istəmirəm pulu, qaytarın geri, deyirlər olmaz, yatıb qalıb. Bu şəraitdə necə işləmək olar? Mirqədirovu tutandan bəri baş prokurorluq "Zerkalo"nun 9 illik maliyyə sənədlərini aparıb. Aparılan sənədlərin rəsmi siyahısını hazırladım ki, imza edin, aparmısız, imzalamadılar. İndi də ordadır. Müəssisəni bağlaya da bilmirəm. Kimə müraciət edirəm, deyir ki, mənlik deyil, gərək onda prezidentə açıq məktub yazım ki, kömək edin sənədlərimi qaytarsınlar. Sonra da məktub yazdığına görə olursan düşmən. Bunlar belə, amma eyni zamanda ümidləri itirmək lazım deyil (gülür). Bir az gülümsəmək lazımdır, düzələr. İnşallah demirəm, inşallah təbii şeydi, amma düzələr. Sadəcə olaraq, üstümüzdən bir dalğa keçib, indi o dalğanın altındayam. Bilirsiniz də, dənizdən çıxanda başınız əzilməsin deyə, dalğanın üstünə qalxmaq lazım deyil, altına girmək lazımdır. Çünki, orada nisbətən su sakit olur, burulğana düşdünsə, heç nə. İndi o dalğa yaman ilişib qalıb, nə isə çıxa bilmirəm (gülür).
- Elçin müəllim, çox sağ olun dəvətimizi qəbul eləyib gəldiniz, bizim üçün sizi görmək xoşdur.
- Çox sağ olun, mənim üçün də xoş oldu.
Rasim Məmmədli