"Bu Azərbaycan bankının cinayətkar fəaliyyəti pis vəziyyətə səbəb olub" - Artur Rəsizadə

"Dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib". Bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.

Bəzi bankların qeyri-qənaətbəxş fəaliyyətinə diqqət çəkən baş nazir bildirib ki, sistem əhəmiyyətli "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.

"Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5% təşkil edib: "Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib".

“Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını xüsusi ilə vurğulamaq istəyərdim. Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir”.

Artur Rasizadə bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb. “Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”, - deyə baş nazir vurğulayıb.

"Azərbaycan prezidenti Nazirlər Kabinetinin yanvar ayında keçirilmiş iclasındakı çıxışında görülən işləri təhlil edərək 2016-cı ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirib".

Artur Rəsizadə dövlət başçısının bu siyasətinin davamı olaraq cari ildə qarşıda duran vəzifələri müəyyənləşdirərək onların icrası ilə bağlı tapşırıqlar verdiyini xatırladıb: "Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrini və imkanlarını səfərbər edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaq".apa

DİGƏR XƏBƏRLƏR

Top