"Universitet şəhərcikləri olmadıqca, belə faciələr qaçılmaz olacaq"

Xəbər verdiyimiz kimi, bu gün Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 nəfər dəm qazından zəhələnərək ölüb. Yayılan məlumatlarda ölənlərdən üçünün tələbə olduğu bildirilir. Qeyd edək ki, son vaxtlar tələbə ölümləri ilə nəticələnən bir neçə faciəvi hadisə baş verib. "Yeniavaz.com" xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə belə münasibət bildirib: "Xırdalan ərazisində Sumqayıt Dövlət Universitetinin tələbələri yol qəzası nəticəsində vəfat etdi, indi isə Xırdalanda kollec tələbələri dəm qazından həyatını itirdi. Bu yenədə də bir məsələni - tələbələrin və təhsil alanların təhlükəsizliyini gündəmə gətirir. Vaxtı ilə Neft Akademiyasında baş vermiş qanlı teror aktından bu günə qədər bu məsələ həll olunmayıb. Söhbət təkcə təhsil müəssisələrindəki təhlükəsizlikdən getmir".

"Təəssüflər olsun ki, 52 ali təhsil müəssisəmizdə təhsil alan 162 min, 113 ilk peşə təhsili müəssisəsində təhsil alan 25 mindən çox şagirdin, 61 orta ixtisas təhsili müəssisəsində təhsil alan 60 min nəfərdən çox tələbənin təhsil ocaqlarına necə gəlmələri, haradan gəlmələri, harada qalmaları barədə bu təhsil ocaqlarının rəhbərlərinin məlumatları və fəaliyyətləri yoxdur. Bizdə tələbələr sadəcə olaraq təhsil müəssisələrinin maddi rifahını yüksəltmək üçün lazımdır. Yəni tələbə ancaq ödədiyi təhsil haqqına görə lazımdır. Çünki gəlir mənbəyidir. Tələbələrin hansı yerlərdə qaldığı, neçə gəlib getdiyi mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Yalnız təhsil alanın qalması üçün uyğun, tam təhlükəsizlik təmin olunmuş yerlərdə tələbələrin qalmasına icazə verilməlidir. Tələbələrə nəzarət edən ayrıca bir qurum olmalıdır. Daha kağız üzərində fəaliyyət göstərən indiki tələbə təşkilatları kimi yox. XX əsrin əvvəllərində neft sənayesində çalışmağa gələn fəhlələrə sahibkarlar daha yaxşı şərait yaratmışdılar", - deyə K. Əsədov qeyd edib.

"Tələbənin sualını vecinə də almır"

"Tələbə niyə yolda ölür, evdə qazdan zəhərlənir ölür, soyğunçuya rast gəlir, cinsi təcavüzlə üzləşir? Çünki universitet şəhərcikləri (kampus) yoxdur, çünki rektor seçilmir, təyin olunur, əksər vaxt rüşvətlə, qohumbazlıqla, yerlibazlıqla". "Yeniavaz.com"un xəbərinə görə, bunu isə sabiq millət vəkili Nazim Bəydəmirli bildirib.

"Onlar da "oliqarx məmura" çevrilir, tələbənin sualını vecinə də almır, onu döydürür, haqqını tələb edən tələbəyə "müxalifətçidir" damğası vurur ki, məsuliyyətdən yayınsın, daha çox vəzifədə qalsın, daha çox oğurluq eləsin. Bu qədər sadədir ki, hamı bilir: təhsilimiz savad deyil, diplom verir, o da bir işə yaramır",-deyə N. Bəydəmirli bildirib.

DİGƏR XƏBƏRLƏR

Top