"Xəzərin sahilinə gedib diqqətinizi bir nöqtəyə yönəldin" - Psixoloqdan məsləhət

Mart ayında havaların tez-tez dəyişməsi insanlara müxtəlif cür təsir göstərir. Bu mövzuda nevroloq Zümrüd Məmmədovanın fikirlərini oxucularımıza təqdim etmişdik. Psixoloq Hüseyn Xəlilov da bu mövzuda "Yeniavaz.com" saytına açıqlama verib.

"Bilirik ki, Avropa ölkələrində oktyabr ayından başlayaraq gün ərzində günəşin işığı getdikcə azalır. Fevral ayınadək müddət ərzində bu ölkələrdə insanlarda depressiyaya qapılma halları çox olur. Məsələn, Kanadanın, Rusiyanın bəzi ərazilərində qış 8-9 ay davam edir. Davamlı olaraq günəş işığı bu yerlərdə az olur. İnsanların günəş işığını mütəmadi olaraq az görmələri narahatlıq yaradır, depressiyaya səbəb ola bilir. Bahar fəsli gəldiyi zaman qışdan çıxan insanların il ərzində yığılan gərginlikləri, narahatlıqları, depressiv, stress halları özünü göstərir. Mart ayı gəldiyi zaman bu işıqlanma, çiçəklənmə olanda insanlar disfunksiya vəziyyətinə düşürlər. Yəni gah isti olur, gah soyuq. Bu da insanların orqanizmində maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Bahar fəslində demək olar ki, ilin bütün fəsilləri müşahidə olunur".

"Həssaslıqdan doğan gərginlik"

Hüseyn Xəlilov deyir ki, bu da bir qrup insanlarda həssaslıq normadan çox olduğu zaman, sinir sisteminin oyanması, həssaslıqdan doğan gərginliklə müşahidə olunur: "Onlarda əsəb, gərginlik, narahatlıq yaranır. Bahar fəsli insanlarda oyanmaya səbəb olur. Burada söhbət həm ruhi, həm fizioloji, həm də maddələr mübadiləsinin oyanmasından gedir. Bütün bunlarla biz mart ayında qarşılaşa bilirik. Mənə müraciət edən pasiyentlər deyirlər ki, "çox narahatam", "əvvəlki kimi deyiləm" və s. Ancaq elələri də var ki, deyir "depressiyadan qurtuldum, stresdən çıxdım". Bahar fəsli müxtəlif insanalarda müxtəlif proseslər oyada bilir. Amma bu qalıcı deyil, müvəqqətidir, keçicidir. Bu hal həmin insanların ailələrinə, işlərinə, yaxınlarına münasibətində müəyyən ölçüdə özünü göstərə bilir".

Psixoloqun sözlərinə görə, baharın gəlişi bir qrup insanları ritmik həyata qatır: "Amma bəzilərində gərginlik və narahatlığa, maddələr mübadiləsinin pozulmasına, immun sisteminin zəifləməsinə səbəb olur. Əvvəldən də bunlar olur, sadəcə, sanki oyanma müşahidə edilir. Orqanizmi zəif olan, həssaslıq dərəcəsi, aqressiyası çox olan insanlarda bahar fəsli özünü bu formada büruzə verir. Lakin yenə də deyirəm ki, bu bütün insanlara şamil oluna bilməz".

"Diqqətlərini həmin nöqtəyə yönəltsinlər"

Həmsöhbətimiz deyir ki, əsəbi gərgin olan insanlar baharın gətirdiyi gözəlliklərdən bəhrələnə bilməlidirlər: "Məsələn, dənizin ətrafına getsinlər, bulvarda gəzsinlər, sahilin kənarında dayanıb dənizin uc nöqtəsinə baxsınlar, diqqətlərini həmin nöqtəyə yönəltsinlər. 2-3 dəqiqə yetərlidir. Oradan elə bir enerji alacaqlar ki, onlara müsbət təsir göstərəcək. Bunu mən öz iş, həyat təcrübəmdə tətbiq eləmişəm və məsləhət gördüyüm insanlar gəlib mənə təşəkkür ediblər. Bundan əlavə, yaxşı olardı ki, gərginlik yaradan yerlərdən uzaq dursunlar, aqressivliyə meyilli insanlar açıq havada çox olsunlar, sevdikləri insanların ətrafında olsunlar. Mən bunları tövsiyə edirəm. İnanıram ki, faydasını görəcəklər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top