"Gömrük orqanları bunu bilərəkdən edirlərsə, tədbir görmək lazımdır" - Hüquqşünas

Xəbər verildiyi kimi, Azərbaycan gömrükçüləri külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar. Belə ki, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib. "Yeniavaz.com" xəbər verir ki, "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İdarə Heyətinin sədri, hüquqşünas Samir İsayev isə hesab edir ki, həmin zəlilər Zoologiya İnstitutuna deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli idi.

"Zəli ölkədən qaçaqmalçılıq yolu ilə aparılarkən tutulmuşdursa taleyi necə olmalıdır" sualına Samir İsayevin cavabını "Yeniavaz.com" saytı təqdim edir: "Bu məsələ qanunvericilikdə tənzim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"nın 6-cı bəndinə əsasən, Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr saxlanılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın (Milli Elmlər Akademiyasının Zoologiya (heyvanlar barədə) və ya Botanika (bitkilər barədə) institutu) rəyini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:

- sahibinə qaytarılması;

- ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);

- təbii mühitə buraxılması;

- canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi məqsədlər üçün əvəzsiz verilməsi;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satılması (sahibinə və ya ixrac edildiyi ölkəyə qaytarmaq, təbii mühitə buraxmaq mümkün olmadıqda);

- öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün baytarlıq nəzarəti orqanlarının rəyi olduqda).

Gömrük məmurları Nazirlər Kabinetinin 7.01.2009-cu il tarixli qərarı barədə məlumatsız ola bilməzlər. Elə isə nə səbəbdən təbii sərvət olan, vəhşi təbiət nümunəsi olan zəli sahibinə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, həmin sərvətə heç bir aidiyyəti olmayan bir quruma təhvil verilib? Zoologiya İnstitutunun zəliləri saxlamaq və onların barəsində qərar qəbul etmək səlahiyyəti yoxdur. Özü də gömrük məmurları bu addımı ikinci dəfədir ki atırlar. Əgər bu səhvdirsə, ondan çəkinmək lazımdır, yox əgər bu şüurlu şəkildə edilirsə, bu barədə tədbir görmək lazımdır. Burada qeyd etməli oluram ki, məlumatda göstərilən gömrük orqanları tərəfindən götürülmüş 29 min ədəd zəlinin Azərbaycanda pərakəndə satış dəyəri 29 min manatdır".

DİGƏR XƏBƏRLƏR

Top