Maaşınız bayram alış-verişinə bəs edəcəkmi? - CAVABLAR

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 498 manatdır. Lakin bu il məhsulların qiyməti öncəki illərdən xeyli bahadır. "Yeniavaz.com" saytı bir sıra peşə sahiblərinə "maaşınız bayram alış-verişi etməyə bəs edirmi?" sualı ilə müraciət edib. Cavabları təqdim edirik:

Nəriman Abdulrahmanlı (yazıçı): "Maaşı təkcə bayrama xərcləsək, birtəhər bəs eləyər. Amma qayğılar təkcə bayramla bağlı deyil axı. Gündəlik xərclər, uşaqların məktəb xərci, kommunal xərclər, gözlənilməz (toy, ad günü) xərclər var. Bütün bunları nəzərə alanda əlbəttə ki, bəs eləmir".

Arzu Nağıyev (jurnalist): "Bəli, bəs edir".

Azad Qaradərəli (yazıçı): "Mən iki ildən çoxdur işləmirəm. Amma bir neçə nəşriyyatla və saytla əlaqələrim var ki, kitablar redaktə edir, tərcümələr edir, yaxud çapa hazırlayıram. "Yazı"dan da müəyyən gəlirlər olur. Dostlarım kitablarım çıxanda, yaxud çapa hazırlananda yardım edirlər. Bir sözlə, yaşamağa bəs edir. O ki, qaldı bayrama, bu bayramın öz fəzilətləri var. Yəni bu 60 ildə bir şeyi tam olaraq sınamışam: niyətin düz olsa, sənin bayramlarda xərcliyini yetirən özü yetirəcək. Bir də yaşamaq üçün insan özünə bir norma uyğulamalıdır. Hər şeyi ona uyğun ayarlamalıdır. Onda bayrama da, çərşənbəyə də çatarsan, hələ yeni ilə (günə) yeni nəfəslə çıxarsan. Hamınızın bayramı, çərşənbəsi qutlu olsun!".

Kamran Yunis (aktyor): "Təəssüf ki, yox, bəs eləmir".

Xalidə Gəray (jurnalist): "Ölkədə baş verən iqtisadi böhran, manatın devalvasiyasından sonra ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin artması bizi məcbur edib ki, alış-verişdə xeyli ixtisar edək. Üstəlik bayramqabağı bazarlarda qiymətlərin süni şəkildə, ifrata vararaq artırılması hər kəsi çıxılmaz vəziyyətdə qoyub. Təxminən ailəvi ortabab süfrə açmaq üçün yəqin ki, 200-250 manat xərc çəkməli olacağıq. Maaşımın bayram keçirməyə çatıb-çatmadığına gəldikdə isə, qeyd edim ki, jurnalistlərin maaşı 500-700 arası olur. Bu maaşla ürəkaçan bayram keçirmək mümkün olmasa da, müəyyən bayram süfrəsinə yetər".

Kənan Hacı (şair): "Mən üç aydır işsizəm və ona görə bayramı keçirmək haqda düşünmürəm".

Ceyhun Rzayev (jurnalist, teleaparıcı): "Çox şükür, bəs edir. İnsan qənaət etdikdən sonra normal bayram keçirə bilər. Düzdü, son vaxtlar qiymətlər qalxıb, bazarlıq çox pul aparır. Yenə də çox şey insanın özündən asılıdır".

Kamran Əsədov (müəllim, ekspert): "Əlbəttə ki, xeyr. Yəni ayın əvvəlində alınan əməkhaqqı ayın elə ilk həftəsində kommunal ödənişlərə ödənib yoxa çıxır. Bir dəfə hətta övladım ilə maaşımı alan günü onun istəyini yerinə yetirilmək üçün oyuncaq dükanına girdim. Onun istədiyi 3 oyuncaq aldım və sonra da kiçik bir nahar etdik, əməkhaqqı bitdi. Təəssüflər olsun ki, hazırda bayram üçün gərəkli olan ləvazimatları almaq üçün azı 200 manat lazımdır. Bu əlbəttə ki, müəllimin büdcəsi üçün deyil. Çünki qozun, fındığın və digər bayram ərzağının qiyməti fantastik həddədir"

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top