Neft hasilatı 7,3 faiz azalıb

Cari ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5 faiz artıb, neft sektorunda isə 5,1 faiz azalıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,5 faizi emal sektorunda, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 7,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Emal sektorunda qida məhsullarının istehsalı 1 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 48,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, kağız və karton istehsalı 4,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 82,3 faiz, tikinti materiallarının istehsalı 71,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 23 faiz, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 25,6 faiz, mebel istehsalı 73,2 faiz artmış, tütün məmulatlarının istehsalı 63,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,2 faiz, poliqrafiya məhsullarının istehsalı 66,1 faiz, neft məhsullarının istehsalı 6,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, hazır metal məmulatlarının istehsalı 11 faiz, maşın və avadanlıqların istehsalı 66,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 53,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,3 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top