Gürcüstan prezidenti Abxaziyadakı seçkiləri qeyri-legitim adlandırıb

Gürcüstan Abxaziyada keçirilən parlament seçkilərini tanımır və tanımayacaq. "Yeniavaz.com"un nevvsgeorgia.ru-ya istinadən verdiyi məlumata görə, bununla bağlı xüsusi bəyanatla çıxş edən prezident Marqvelaşvili işğal altında olan Abxaziyada keçirilən seçkilərin qeyri-legitim olduğunu vurğulayıb: "İşğal altındakı Abxaziyadakı parlament seçkiləri faktiki olaraq işğalçı rejimə xidmət edən sistemin legitimləşdirilməsinə xidmət edir. Ancaq bu seçkilərin hüquq əsası yoxdur".

Marqvelaşvili qeyd edib ki, Abxaziyadan on minlərlə adam didərgin düşüb və doğma yurd-yuvalarına qayıda bilmirlər. Belə vəziyyətdə isə keçirilən parlament seçkilərinin nəticələri tanına bilməz: "Hazırda Abxaziya işğal olunub və oraya nəzarət Rusiyanın əlindədir. Belə vəziyyət parlament seçkilərinin qeyri-qanuni olduğunu bir daha təsdiq edir. Yalnız Abxaziya işğaldan azad ediləndən və oradan didərgin düşənlər öz doğma yurd-yuvalarına qayıdandan sonra azad seçkilərdən danışmaq olar".

Gürcüstanın dövlət başçısı beynəlxalq ictimaiyyətə müraciət edərək onları işğal altında fəaliyyət göstərən rejimin legitimləşdirilməsinə imkan verməməyə çağırıb: "Biz yenidən Rusiyanı 12 avqust 2008-ci ildə imzalanan anlaşmanın şərtlərini yerinə yetirməyə və Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə çağırırıq."

DİGƏR XƏBƏRLƏR

Top