"Hər bir şəxs aptekdən aldığı dərmanın keyfiyyətini özü yoxlatdıra bilər" - AÇIQLAMA

Apteklərdə satılan dərmanların keyfiyyətinə münasibət birmənalı deyil. Aldığı dərmanın keyfiyyətinə şübhə ilə yanaşanlar da az deyil.

Bəs Azərbaycanda vətəndaşların dərmanların keyfiyyətini öz təşəbbüsləri ilə yoxlatdırmaq imkanları varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeniavaz.com"a bildirdi ki, vətəndaş istədiyi dərmanın həm qeydiyyatdan keçib-keçmədiyini, həm də tərkibini yoxlatdıra bilər: "Hər bir şəxs Səhiyyə Nazirliyinin Ekspertiza Şöbəsinə müraciət edib aldığı dərmanın qeydiyyatdan keçməsi haqqında məlumat ala bilər. Lakin elə olur ki, qeydiyyatdan keçən dərmanın da təsirsiz olduğu məlum olur. Bugünlərdə bizə bir şikayət daxil olmuşdu. Bildirilirdi ki, vətəndaş dərmanı alıb uzun müddət istifadə edib, lakin heç bir təsirini görməyib. Eyni dərmanı başqa yerdən də alıb və üç gün müddətində təsiri olub. Biz bu barədə Səhiyyə Nazirliyinə məlumat verdik, məlum oldu ki, ikinci dəfə aldığı dərman qeydiyyatdan keçib. Ölkədə kifayət qədər zəif və təsirsiz dərman var. 2015-ci ildə qeydiyyata verilmiş dərmanlar var ki, bu gün də qeydiyyatdan keçməyib".

Mövzu ilə bağlı sualımızı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova belə cavablandırdı: "Bəli, hər bir vətəndaşın aldığı dərmanın keyfiyyətini yoxlatdırması mümkündür. Bunun üçün vətəndaş aldığı dərmanı qablaşması və aptek çeki ilə birlikdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "Bir pəncərə" xidmətinə gətirməli və ərizə yazaraq mərkəzin laboratoriyasına analiz üçün təhvil verməlidir".

E. Əkbərova deyib ki, müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini də təqdim etməlidir.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top