Meyvə-tərəvəz nə qədər bahalanıb? - SİYAHI

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk ayı ərzində əsas kənd təsərrüfatı məhsullarının qiyməti kəskin şəkildə bahalanıb. "Yeniavaz.com" Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, 2016-ci ilin yanvar ayında topdansatış məntəqələrində 1 kiloqramı 1 manat 70 qəpiya satılan pomidor (Bakı) bu ilin yanvar ayında 3 manata satılıb. Rəqəmlərdən də göründüyü kimi hesabat dövründə pomidorun topdansatış qiyməti 76,5% bahalanıb. Bundan başqa ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında üzümün (Ağ kişmişi) qiyməti 50%, xiyarın (Melit) qiyməti 25%, sarımsağın (Ağsu) qiyməti 2 dəfə, kələmin (Bərdə) qiyməti 3 dəfə, armudun (Meşə gözəli) qiyməti 47,1%, yerkökü (Bərdə) qiyməti 66,7%, almanın (Qızıl əhmədi) qiyməti 78,6% artıb. Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayında topdansatış məntəqələrində üzümün (Ağ kişmişi) 1 kiloqramının qiyməti 2 manat 20 qəpik olduğu halda bu ilin yanvar ayında 3 manat 30 qəpik olub. Bundan başqa, xiyarın (Melit) qiyməti 2 manatdan 2 manat 50 qəpiyə, sarımsağın (Ağsu) qiyməti 3 manat 50 qəpikdənn 7 manata, kələmin (Bərdə) qiyməti 23 qəpikdən 70 qəpiyə, armudun (Meşə gözəli) qiyməti 80 qəpikdən 1 manat 20 qəpiyə , almanın (simerenko) qiyməti 1 manat 70 qəpikdən 2 manat 50 qəpiyə, yerkökünün (Bərdə) qiyməti isə 30 qəpikdən 50 qəpiyə yüksəlib. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, ötən illə müqayisədə bu ilin yanvar ayında yalnız kartofun, badımcanın və mandarinin qiymətində ucuzlaşma olub. Belə ki, badımcanın (İran) qiyməti 20% ucuzlaşaraq 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə, kartofun (Gədəbəy) qiyməti 20% ucuzlaşaraq 1 manatdan 80 qəpiyə, mandarinin (yerli) qiyməti isə 23% ucuzlaşaraq 1 manat 30 qəpikdən 1 manata düşüb. Nazirliyin açıqlamalarından belə görünür ki, əksər meyvə-tərəvəzin qiyməti kəskin şəkildə bahalanıb.

DİGƏR XƏBƏRLƏR

Top