Kreml Türkiyə-Niderland qalmaqalına münasibət bildirdi

Rəsmi Moskva Avropa İttifaqı (Aİ) və Türkiyə siyasətçilərini təmkinli olmağa çağırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə və Niderland arasında baş verən diplomatik qalmaqalı şərh edərkən deyib. Onun sözlərinə görə, bu məsələnin nizamlanmasında iki ölkənin vasitəçilərə ehtiyac yoxdur: “Niderland və Türkiyənin özü münaqişəni həll etmək iqtidarındadılar. Biz əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa, gərginliyin azaldılmasında konstruktivliyə çağırırıq”.

Qeyd edək ki, 16 aprel referendumu ilə əlaqədar Niderlandda yaşayan türklərlə görüşmək istəyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkəyə uçuş icazəsi ləğv edilmişdi. Bu əngəldən sonra Türkiyənin ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya ölkənin Rotterdamdakı Baş konsulluğuna getmək üçün avtomobil yolu ilə Almaniyadan yola düşdü. Ancaq Niderlandın təhlükəsizlik qüvvələri nazirin yolunu kəsərək onun konsulluğun binasına girişinə icazə verməyib. Kobud münasibətlə üzləşən nazir bir neçə saatdan sonra Almaniyaya, ardından İstanbula qayıdıb. Hər iki hadisə iki dövlət arasında diplomatik qalmaqala səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top